"Gənc ailələrin Qarabağda məskunlaşmasına çalışmalıyıq" - Zahid Oruc

 17:09 02.04.2024     1085

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl parlamentdə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, son zamanlar qızlar ana olmaq istəmir.

“Bir uşaqla ailə xoşbəxt ola bilməz. Bu nəsə bir layihədir, bir uşaqdan sonra uşaq dünyaya gətirmirlər. Uşaq pulunun verilməməsi də bu proqrama, layihəyə dəstək verir”,- deyə millət vəkili qeyd edib.

Bəs, Azərbaycanda uşaq pulunun verilməməsi demoqrafik vəziyyətə necə təsir edə bilər?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Redaktor.az-a bildirdi ki, növbədənkənar prezident seçkilərində onun yanaşması ondan ibarət olmuşdu ki, əgər biz istəyiriksə ki, azad torpaqlar, Qarabağ daha güclü sosial, iqtisadi qüvvəmizə çevrilsin, bu anlamda gənc ailələrin orada məskunlaşmasına çalışmalıyıq.

"Orada həm iş yerlərinin açılmasında da, startaplarda da, ipotekada da və siyasətlərdə bu görünməlidir. Əks halda "yalnız orada yaşamış yaşlı nəsil ora dönsün ideologiyası" bizi o erməni tələsinə qaytarar. O da ondan ibarət idi ki, onlar gördüyünüz kimi, bu illər ərzində məskunlaşdırmanı həyata keçirə bilmədilər. Həm də ona görə ki, nə qədər iqtisadi stimullaşdırıcı addımlar atıdlar, insan resursları ona çatmadı. Bu qədər erməni yox idi və nə yaxşı ki, belə idi. Çünki bu şəhərlərin hamısı insan kütləsi ilə dolsaydı, müharibəni 44 gün yox, daha çox müddət aparmaq gərək olardı. Bütün hallarda biz qalib gələcəkdik. Çünki millətimizin iradəsi, dövlətimizin gücü Ali Baş Komandanımızın sərkərdəliyi bu qələbəni bizə qazandıracaqdı. Mən həm seçkilərdə Qarabağa qayıdan gənc ailələr üçün bu cür müxtəlif sosial ödəmələrin həyata keçirilməsini irəli sürmüşdüm, o cümlədən də üçüncü uşaqlar siyasətini. 17-18 adda uşaqlar üzrə müxtəlif müavinətlər verilir və bu da izah olunur ki, 2006-cı ildə əvvəlki simvolik məbləğ olan uşaq pulları ləğv edildi və ünvanlı yardım siyasəti meydana gətirildi. Məqsəd də ondan ibarət idi ki, varlı insanlar, tam təminatlı valideynlər, ehtiyacı olmayanlar bu prosesdən kənarda qalsınlar, dövlət onları maliyyələşdirməsin, əvəzində ehtiyacı olan insanlar öndə tutulsun. Məram xoşdur, ancaq biz onu nə dərəcədə effektiv həyata keçirə bildik, bu, ayrı bir söhbətin mövzusudur. Ona görə bu uşaq pulu mövzusu görürsünüz ki, gündəmdə qalır və xeyli də siyasiləşir. Bütün hallarda başa düşüləndir, çünki onun arxa planında yeni ailə quran gənclərin ehtiyacları var ki, bu problem illərdir ki, gündəmdə qalır. Ona görə də üçüncü uşaqlar siyasətini biz ona görə irəli sürmüşdük ki, bu, bir tərəfdən birinci və ikincilərə görə dövlətin verdiyi fərqli növ müavinətləri qoruyub saxlayır, yalnız üçüncülərə önəm verməklə daha çox uşağın daxil olduğu ailələrin himayədarlığını dövlətin üzərinə qoyur və cəmiyyət üçün əlavə stimullaşdırıcı bir mesaja çevrilir".

Millət vəkili qeyd etdi ki, bu sadaladıqları praktikada, beynəlxalq aləmdə geniş şəkildə tətbiq olunmaqdadır:

"Ona görə də mən hesab edirəm ki, bu məsələ ilə bağlı müvafiq komitə də həmişə xoş məramla çıxış edib. Hökumət strukturları, parlamentin müvafiq komitələri, o cümlədən Milli Məclisdə də hörmətli Musa Urud daim media məkanına açıqdır, dərin təcrübəyə malikdir, idarəçilikdə yeni mühüm baxışları, səriştəsi var. Həm də o ailələrin təmsilçiləri ilə birlikdə bu ətrafda fikir mübadilələri, dəyirmi masalar keçirilə və müvafiq təkliflər meydana gətirilə bilər ki, bu məsələ siyasi rəngi almasın, hansısa qüvvələrin hədəfində olmasın. Guya ki, əhalinin o hissəsinin maraqlarının müdafiəçisi kimi özünü qələmə verən antihakimiyyət dairələri onun fonunda gənc ailələrin belə bir sosial tələbindən öz maraqları üçün faydalanmasınlar. Əksinə, bu problem daha sadə bir şəkildə öz müzakirələrini tapsın və ona uyğun yollar tapılsın".

Humay İSGƏNDƏRLİ