Azərbaycan Ordusu şərti sərhəddən 30 kilometr daha dərinliyə enə bilər - Deputatdan AÇIQLAMA

 16:16 02.04.2024     584

Bildiyimiz kimi, bir neçə gün əvvəl Ermənistanın Azərbaycanla şərti sərhəddə, Naxçıvan istiqamətində qoşun yığması ilə bağlı görüntülər yayılıb. Ötən gün isə Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

Bu addımları atmaqda Ermənistanın məqsədi nədir? Bu təxribatlar davam edə bilərmi? Azərbaycanın cavabı necə olacaq?

Məəsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu söylədi ki, son günlərdə Ermənistan-Azərbaycan şərti sərhədində Ermənistanın vəziyyəti gərginləşdirməs,i daimi və uzunmüddətli məqsədlər üçün fortifikasiya qurğuları yaratması, bu günə qədər Azərbaycana qarşı olan təxribatların yeni bir mərhələsidir:

"Çünki 44 günlük müharibədən ötən üç il müddətində biz sadəcə lokal xarakterli, yüngül atıcı silahlarla Azərbaycana qarşı təxribatlara şahidlik edirdiksə, bu, artıq fundamental bir hadisədir. Yəni çox müasir hərbi, mühəndis istehkamlarının yaradılması, xüsusi atəş nöqtələri və atəş nöqtələrinin müdafiəsi üçün xüsusi qalın beton konstruksiyadan fortifikasiyaların quraşdırılması ondan xəbər verir ki, Ermənistan bundan sonra da Azərbaycana qarşı təxribatlarını davam etdirəcəkdir. Nəzərə almaq lazımdır ki, bu, apreldə Brüsseldə keçiriləcək görüşlər ərəfəsində baş verir. Üstəlik də, dünən axşam Naxçıvan ərazisini atəşə tutdu və bütün bunların hamısı Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən müşahidə missiyasının gözünün önündə baş verir. Üstəlik də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərə və məlumatlara Avropa İttifaqının missiyası cavab verir. Dolayısı ilə burada Avropa İttifaqı Azərbaycana qarşı tərəf kimi çıxış edir. Ona görə də əlbəttə ki, belə qənaətə gəlmək olar ki, bundan sonra da Ermənistanın təxribatları daha genişmiqyaslı və daha ciddi şəkildə Azərbaycana qarşı davam edəcəkdir".

Azərbaycanın buna cavabına gəldikdə isə, deputat bildirdi ki, Azərbaycan sülh tərəfdarıdır, həmişə beynəlxalq hüquq mövqeyindən çıxış edir.

"Azərbaycan yaxşı bilir ki, beynəlxalq hüquqla ona tanınan müdafiə hüquqları var. Yəni, təhlükəsizliyimizi, sərhədlərimizi təhdid edən hər hansı bir təxribatlar varsa, Azərbaycan düşmən ərazisinin dərinliklərinə enərək öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif hərbi hərəkətlər edə bilər. Ona görə də əgər belə davam edərsə, düşünürəm ki, Azərbaycanın məcburi və özünümüdafiə cavabı şərti sərhədlərdən 30 kilometr daha dərinliyə enərək öz sərhədlərimizi erməni təxribatlarını və erməni hərbi vasitələrinin mövqelərimizi atəşə tutmasından müdafiə etmək məcburiyyətində qala bilər", - deyə H.Babaoğlu vurğuladı.

Humay İSGƏNDƏRLİ