Milli Məclisdə DTX əməkdaşları ilə bağlı qanuna baxıldı

 13:27 05.04.2024     207

Diplomatik korpusu qoruyan hərbçilərin əməkhaqqının vergidən azad edilməsinə dair layihə ilk oxunuşdan keçib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Beləliklə, diplomatik xidmət orqanları əməkdaşları ilə yanaşı təyin olunduqları ölkələrdə dövlət qulluğunun xüsusi növündə xidmət keçən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin də həmin güzəştlərdən istifadə etmələrinin təmin edilməsi ilə əlaqədar qeyd olunan normativ hüquqi aktlarda dəyişiklik edilməsi zəruri hesab edilib.

Layihə DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş Qaydaları”na uyğun olaraq ödənilən bütün növ ödənişlərin (dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

Humay İSGƏNDƏRLİ