“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsi keçiriləcək

 12:16 06.04.2024     353

Aprelin 27-də “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsi keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Bildirilib ki, olimpiadada iştirak etmək istəyən məktəblilər aprelin 20-dək https://anket.edu.az/link/267 keçidi vasitəsilə qeydiyyatdan keçməli və ya təhsil aldıqları müəssisəyə müraciət etməlidirlər.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələli olacaq. Olimpiadanın yarımfinal turu may ayında zonalar üzrə, final mərhələsi isə iyun ayında Naxçıvanda keçiriləcək.