Amazonka qəbirlərinin tapılması xəbərinə AMEA-dan AÇIQLAMA - FOTO

 13:42 08.04.2024     332

“Son vaxtlar beynəlxalq kütləvi informasiya vasitələrində Naxçıvanda amazonka qəbirlərinin tapılması haqqında məlumatlar yayılıb. Qeyd olunur ki, Naxçıvanda Britaniya arxeoloqu Bettani Hyuzun rəhbərliyi ilə aparılan qazıntılarda qadın döyüşçülərin - amazonkaların qəbirləri tapılıb. Hər şeydən əvvəl qeyd etmək istəyirik ki, Britaniya arxeoloqu Bettani Hyuz heç vaxt Naxçıvanda arxeoloji qazıntılara rəhbərlik etməyib. Bu qadın, sadəcə, Xaraba Gilan arxeoloji ekspedisiyasının üzvü olub. Qazıntılara isə arxeoloq, dosent Bəhlul İbrahimli rəhbərlik edib”.

Redaktor.az xəbər verir ki, bunu  AZƏRTAC-a AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev söyləyib.

Alimin sözlərinə görə, qadın döyüşçülərin qəbirləri ilk dəfə 1926-cı ildə rus alim, professor İ.İ.Meşşaninovun Qızılburunda apardığı qazıntılar zamanı aşkar olunub:

“Lakin Cənubi Qafqazın digər yerlərində belə tapıntılar əldə edilmədiyindən bu fikirlər elmi ictimaiyyət arasında təsdiqini tapmayıb. Bəhlul İbrahimlinin Ordubad rayonunda Xaraba Gilanda II Plovdağ nekropolunda apardığı araşdırmalar zamanı isə qadın döyüşçülərə aid qəbirlər aşkar olunub. Burada 6 və 12-ci qəbirlərdə əlində oxdan, 13 ox və obsidian bıçaq tutan qadın skeletləri aşkarlanıb.

Şərur rayonunda Dizə və Oğlanqala kəndləri yaxınlığında yerləşən Qızqala nekropolunda beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının tədqiqatları zamanı da CR7 nömrəli kurqandan qadın döyüşçülərə aid skelet qalıqları aşkar olunub. Qızqala kurqanlarından obsidian ox ucluqları ilə bərabər, tunc xəncər və nizə ucluqları da tapılmışdır. Qadın döyüşçü qəbirləri skif və sarmat tayfalarına aid abidələrin tədqiq olunması zamanı da aşkar olunub. Bu faktlar Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qədim dövrdə qadın döyüşçülərin olduğunu təsdiq edir. Bu faktlar qədim yunan və Roma mənbələrində olan məlumatlardan xeyli qədimdir”.

Onun sözlərinə görə, qədim yunan mənbələrində skiflər, albanlar və digər tayfalar da amazon adlandırılıb:

“Bu, təsadüfi olmayıb. Belə ki, Urartu dövləti ilə heç bir Şərq dövlətinin baş edə bilmədiyi bir vaxtda skiflər Urartunun bir başından girərək o biri başından çıxıb, bu dövləti güclü sarsıntıya salıblar. Bu yürüşlərin nəticəsində Urartu tənəzzül edib. Qədim alban tayfaları da işğalçılara güclü müqavimət göstəriblər. Bu tayfalardan biri Naxçıvanda da məskunlaşan etiunilər idi. Buna görə də urartulular Naxçıvanı və Albaniyanın qərb torpaqlarını ələ keçirə bilməmişdilər”.

Yunan və Roma əfsanələrində qadınların kişilərdən ayrı yaşayan bir qəbilə olduğu da deyilir. Alim deyir ki, arxeoloji faktlar bunu təsdiq etmir. Qəbir abidələrinin tədqiqi göstərir ki, qadınlar kişilərlə bərabər dəfn ediliblər. Araşdırmalar və ölkəmizin tarixi abidələri təsdiq edir ki, qadınlar həm qədim dövrdə, həm də orta əsrlərdə cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında fəal iştirak ediblər.

“Bu əfsanələrin yaranmasının səbəbi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşayan tayfaların işğalçılara güclü müqavimət göstərməsi və öz Vətənlərini müdafiə etməsi olub. Amma çox təəssüf ki, sovet dövründə bir çox tarixi faktlar saxtalaşdırılıb, ölkəmizin tarixi ilə bağlı yanlış məlumatlar yayılıb”, - deyə Vəli Baxşəliyev bildirib.