QMİ fitrə zakatının 10 manatdan verilməsinə aydınlıq gətirdi: "Ayıbdır, bu xırdalıqlara getməzlər"

 16:46 08.04.2024     658

Artıq Ramazan ayının bitməsinə son 2 gün qalıb. Aprelin 10-da isə bayram namazı qılınacaq. Bayrama 1 gün qalmış isə imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Fitrə zəkatı ən çox yeyilən ərzaqdan – xüsusilə buğdadan hesablanır.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edib ki, fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürmək məqsədəuyğundur.

Bu isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb, yəni çoxları bu məbləğin yüksək olmasından danışır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev dedi ki, bu şeyləri müzakirə etməyə ehtiyac yoxdur:

"QMİ tövsiyə edir. Tövsiyə bilirsiz nədir? Tövsiyə odur ki, mən sənə məsləhət görürəm ki, bu addımı belə at. Atarsan, atmazsan, neyniyərsən, öz işindir? Amma adamlar ki, bunu ağzına alıb hallandırırlar, bu normal bir şey deyil. Bir çox insanlar çox şeyləri ağzına alıb hallandıra bilirlər və biz onların arxasınca düşə bilmərik. Hər bir söz deyən insanın sözünə söz qoşmazlar ki. Biri bir dənə söz danışacaq, insandır da, söz azadlığı var. Kimsə necə istəyir danışa bilir. Biz də duraq onun təhlilinə, həllinə? Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan üç kilo qiymətində çıxılır. Bizdə ən çox istifadə olunan ərzaq nədir? Çörəkdir, o da undan, un da buğdadan hazırlanır. Yəni minimum olaraq bir insan fitrə zəkatını üç kilo buğdadan hesablaya bilər. Maksimum söhbəti yoxdur. Çünki bir adamın maddi durumu yaxşıdır, o, niyə buğdadan hesablasın? Düyüdən, kişmişdən, xurmadan və qiyməti yüksək ərzaqlardan hesablasın. Qafqaz Müsəlmanları İdarəsi isə tövsiyə edir, məsələn, orta hədd deyilən bir məbləğ var və biz ildə bir dəfə bir yoxsula, kasıba nəsə veririksə, mənim imkanım normaldırsa, biz bunu yalnız minimum imkanı olan insanlara aid etmirik axı. Məsələn, bir adamın maddi durumu elədir ki, minimum həyat tərzi yaşayır və 3 kilo undan hesablayır verir. Qoy versin, onun qabağını alan yoxdur ki, ona başqa bir güc edən yoxdur. Amma yaxşı yaşayan insanlar, maddi durumları normal olanlar yüksək səviyyədə zəkat çıxarsınlar. Biz də tövsiyə etmişik ki, günün tələbi olaraq heç olmasa adambaşına 10 manat versələr, məsələn, evdə üç nəfər var, beş nəfər var 30 manat, 40 manat, 50 manat edir. Pul şəklində versələr, daha yaxşıdır. Bəzən bir adama aparıb 300 kilo un verirlər. Bu 300 kilo unu necə yeyə bilər? Hara satar? Məsələn, bunu üç-beş aya bişirsin yesin. Şəhər mühitində insanlar evində nə qədər çörək bişirib yeyə bilir ki? Ağıl və məntiq var da bir işdə. Bunu təhlil etməyə ehtiyac varmı? QMİ kiməsə əmr vermir ki? Ayıbdır, bu xırdalıqlara getməzlər. Kimsə nəsə danışırsa, deyirsə, onlara da getmək normal deyil, bu da xırdalığa gətirər".

Hacı Fuad dedi ki, QMİ insanların evinə girib, onun çıxardığı fitrə zəkatına müdaxilə etmir:

"Fitrə zəkatı kimə verilir? Özünün ən yaxın qohum əqrəbasında olan kasıblara və fəqirlərə. Fitrə zəkatını gətirib məscidə, ora-bura verməyə ehtiyac yoxdur. Amma biri də bilmir, tanımır, gəlir məsciddə bir ruhaniyə deyir ki, "varmı tanıdığın insanlar, mən fitrə zəkatımı ona verim". Belə hallar da baş verə bilir. Niyə? Çünki kasıblar, imkansızlar belə vaxtda çoxları məscidlərə gəlir ki, burada yığılar puldan bizə də verərlər. Amma fitrə zəkatı heç də məscidlərdə yığılmır. Məsciddə qutu qoyulmur ki, fitrə zəkatını ora yığsınlar. Fitrə zəkatını hər bir insan azad olaraq çıxardır və özünün tanıdığı qohum-əqrəbasına, qonşularına, yaxınlarında olan kasıblara və yoxsullara verir. Məntiq budur, nəticə budur".

Humay İSGƏNDƏRLİ