Bakının neftlə çirklənən əraziləri: Ekoloq problemin həll yollarını GÖSTƏRDİ

 17:46 09.04.2024     1033

Bakı və Abşeronda neft buruqları, gölməçələri olan ərazilər var ki, o ərazilərdə torpaqlar neftlə çirklənib. Çirklənmiş torpaqların yenidən bərpası üçün isə ciddi addımlar atılmalıdır. Çünki o ərazilərdə təmizlənmə işləri görülmədikcə, vəziyyət daha da pisləşir. Yəni həm radiasiya yaranır, həm də kəskin qoxu yaranır ki, bu da yaxınlıqda yaşayan sakinləri ciddi narahat edir.

Bəs, o torpaqları təmizləmək, orada yaşıllaşdırma işləri həyata keçirilə bilərmi? 

Sözügedən problemlə bağlı Redaktor.az-a danışan ekoloq Rövşən Abbasov dedi ki, neftdən çirklənmiş ərazilər Azərbaycan üçün çox köhnə bir problemdir:

"Hazırda Abşeronda 30 min hektara qədər neftlə çirklənmiş ərazilərin qaldığı iddia olunur. Bu barədə yəni ölçmələr var, ekoloji sahədə milli prioritet təşkil edən əsas problemdir. 20 il bundan qabaq Bayıl ərazisində çox böyük çirklənmiş bir ərazi var idi, həmin ərazilərin təmizlənməsinə başlananda oradan çirkli torpaq çıxarılaraq aparılıb, xüsusi bir yerdə təmizlənib, geriyə gətirilirdi. Bu texnologiyanın əsas çatışmazlığı ondan ibarət idi ki, bu çox bahalı bir texnologiya idi və əlbəttə ki, 30 min hektara tətbiq etmək mümkün ola bilməz. Bu ərazilərin başqa bir problemi ondan ibarətdir ki, çirklənmə qatı o qədər dərinə işləyib ki, təmizlənmə gedəndən sonra yenidən həmin əraziyə təmiz torpaq veriləndə, həmin neft torpaq vasitəsilə yavaş-yavaş yenidən səthə doğru hərəkətə başlayır, təkrar çirklənmə baş verir. Bəzi hallarda çirklənmədən danışan kimsə narahat ola bilir, deyir ki, yox, o miqyasda çirklənmə yoxdur. Əgər köhnə sovet kinolarına baxsanız, - neftə aid 15-20 dənə köhnə film var, 30-cu illərdən başlamış, 80-ci illərə qədər bu filmlər var - əsas mənzərə odur ki, neft fontan vurur, hamı sevinir, hamı bir-birini qucaqlayır, təbrik edir ki, neft çıxdı. Amma o çıxan neft həmişə ya dənizə gedir, ya da torpağa axır və bu heç birinci dərəcəli məsələ də deyil. Heç kimi də maraqlandırmır. Mən bununla demək istəyirəm ki, Bakıda neftin çıxarılma tarixi təxminən 1847-ci ildən başlayır, artıq 170 ilə az qalıb və bu dövr ərzində son 30 ili çıxmaq şərti ilə, ekologiya heç vaxt prioritet olmayıb. Həmişə neft çıxıb, axıb. Yaxşı neft çıxır, bəs onu hara yığaq? Birbaşa yığıb harasa aparası deyilsən ki? Haradasa qalmalıdır, daşınmalıdır, təmizlənməlidir. Bu zaman elə gölməçələr düzəldirdilər ki, yığılsın. Su qiymətinə idi. Yəni deyirdilər ki, torpağa nə qədər gedər-gedər, getməyəndə də sonra daşıyırıq. Konteynerlər, rezervuarlar da yox idi".

O qeyd etdi ki, ilk dəfə rezervuarların tikilməsi anlayışı Nobelin özünə məxsusdur:

"Öz qardaşına yazdığı məktubda deyir ki, Bakıda çoxlu rezervuarlar tikin və nefti ora yığın, sonra çox baha olacaq, sonra satarıq. Məlumdur ki, Nobel burada çox varlanır. Nəticə olaraq, çirklənmiş torpaqların təmizlənməsi çox çətindir, neft yüngül maddədir, o suda həll olmur və torpaqdan ayırmaq çox çətindir. İndi Xəzər dənizinin səviyyəsi çəkilir və çəkilən yerlərdə də yeni çirklənmiş əraziləri görürük. Sən demə elə hallar olub ki, tanker gəlib, qalıq nefti boşaldıb dənizə, Ağ şəhərdə müəyyən yerlərdə bunu görə bilərsiz. Çox ağır mənzərədir, sovet hökuməti, ondan əvvəlkilər belə bir problemi miras qoyublar".

Problemin həllinə gəldikdə isə, ekoloq deyir ki, yeni layihələr aparılmalıdır.

"Ağ şəhər özü, Ağ Şəhər Bulvarı olan ərazilər, vaxtilə çirklənmiş ərazilərdir, tədricən bərpa olunmağa meyillidir, orada şəhər tikiblər, artıq o çirklənmə yoxdur. Bu milli prioritet təşkil etməlidir və bu təmizlənmələrə başlanmalıdır və artıq başlanılıb. Bakı Ali Neft Məktəbinin olduğu ərazidə, Bayılda çox çirkli bir ərazi var idi, o ərazi təmizləndi. Düzdür, reallıqdır ki, ağacları əkirlər və orda ağacların quruması gedir. Həmin ərazilərdə reabilitasiya işlərini aparıb, bəlkə də əkməmək lazımdır. Çünki orada bəzi yerlərdə yerli bitkilər öz özünə başlayırlar çıxmağa və ona nə su lazımdır, nə də başqa bir şey. Landşaftı bərpa etsək, özü-özünü müəyyən dövrdə güc tapıb bərpa edəcək, oranı bitki örtüyünün özünü bərpası üçün və təbii yer kimi saxlamaq lazımdır. Həmin ərazilərdə evlərin tikilməsinin əleyhinəyəm, sürətlə evlər tikmək olmaz. Çünki bərpa olunmuş ərazilərdə çirkləndiricilər var, qaz şəklində evlərin zirzəmilərində yığıla bilər. Ona görə də bərpa olunandan sonra 5-10 il şərait yaratmaq lazımdır ki, o torpaq havalansın, öz-özünü bərpa etsin", - deyə Rövşən Abbasov bildirdi.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

22222