Fəzail İbrahimli – 73
Bu gün xalqımızın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan tarixi kafedrasının professoru, Milli Məclisin sədr müavini, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, "Şöhrət" ordenli Fəzail İbrahimlinin ad günüdür.
Fəzail Feyruz oğlu İbrahimli 1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib. Elə həmin idən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Yardımlıya göndərilib. 1973–1977-ci illərdə rayonun Çanaqbulaq kənd məktəbində müəllim işləyib. 1979–1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən universitetin Partiya tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir.
2000-2020-ci illərdə keçirilən parlament seçkilərində Milli Məclisə deputat seçilib və 2006-cı ildən Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olub.
2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.
Hazırda VHP Siyasi Şurasının üzvü və partiya sədrinin birinci (İdeoloji məsələlər) üzrə müavinidir.
12 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
Engelsin “Manifest”indən Axundovun “Kəmalüddövlə məktubları”na, Məhəmməd Füzulinin qəzəllərindən Racinin mərsiyələrinə kimi əzbər bilən Fəzail İbrahimli söhbətləri, mühakimələri ilə əsl alimdir: “Təhsili aparıb reanimasiyaya saldılar”, “Kim nəfsinin bələdçiliyi ilə gedirsə, “it hürən” tərəfə, kim ağlının bələdçiliyi ilə gedirsə o, “işıq gələn” tərəfə gedir”, “Dünya tarixində ikinci elə bir hadisə yoxdur ki, bir xalq digər dövlətin istiqlalı uğrunda qan töksün, can versin”, kimi müdrik fikirlər ona məxsusdur.
Fəzail İbrahimli cəsarəti, məntiqi, milli mənafelərə sədaqəti ilə əsl siyasətçidir! Bu da onun çıxışlarındandır:“Fransa keçmiş tarixi ləkəli olan, əli dünyanın bir çox bölgəsində qana batan ölkədir. Ona görə də Fransa Senatının bu qərarı ümumiyyətlə Qərb demokratiyasına həqarət, hörmətsizlik, ayaqlar altına deməkdir”, “Məkr, riyakarlıq və yalan kimi 3 prinsip üzərində yaşayan dövlətin və cəmiyyətin uğuru olmur. İran adlanın məmləkətin siyasəti bu 3 tezis üzərində köklənib.”
Fəzail İbrahimli cəsarətlə sözünü deməyi bacarması, həqiqət tərəfdarı olması ilə əsl deputatdır: “Kimin böyrəyində daş varsa, həkimə getmək lazım deyil. Bakıdan marşruta oturub cənub istiqamətində hərəkət edərkən, böyrək daşlarınız ya Salyanda, ya da Masallıda düşəcək,” “Azərbaycanda hər kəs bir-birini tanıyır. Genetik kodundan tutmuş ayaqqabısının ölçüsünə qədər”.
Fəzail İbrahimli haqsızlığa, ədalətsizliyə, xalqımızın görkəmli şəxsiyyətlərinə qarşı laqeydliyə qarşı mübarizə aparan vətəndaşdır: “Nəriman Nərimanovun Azərbaycan tarixində misli olmayan bir rolu vardır!”, “Millət başsız qalanda, Mərkəzi Komitə, Ali Sovet qaçıb gizlənəndə Şeyx bu millətə sahib çıxdı, atalıq etdi.”
Fəzail İbrahimli ailəsinə sidq-ürəklə bağlı olan, ailə dəyərlərini uca tutan, “adamın övlada sevgisi yoxdursa, vətəndə nə işi var” deyən ailə başçısıdır.
Fəzail İbrahimli cəlbedici görünüşü, səliqəli geyimi, saç düzümü, davranışı, insanlara münasibəti, rəftarı, mərdanəliyi ilə əsl Azərbaycan ziyalısıdır.
Fəzail İbrahimli hazırcavab, ürəyi sözlə, zəkası nurla dolu bir dövlət xadimidir. Suala cavab tapmayanda ən böyük diplomatların da deyə bilməyəcəyi cavabı verməyə qadirdir: ”Molla Nəsrəddindən soruşurlar ki, ərəblər soyumuş aşa nə deyir? Molla Nəsrəddin də bilmirmiş. Cavab verir ki, ərəblər aşı soyutmurlar, isti-isti yeyirlər, ona görə onun adını bilmirəm…”.
Fəzail İbrahimli sıravi deputat olanda da Milli Məclisin iclaslarında iştirak etməyən deputata “Sənin işindir, gəlib burada oturmalısan” hökmünü, məmura “Yemisən, canın çıxsın, gəl, ödə” deməyi bacaran, sədr müavini olanda “qapıları mətbuatın üzünə taybatay açıq olan” oğuldur!
Fəzail İbrahimli tələbələrinin ürəyini həssas münasibəti, zəngin biliyi, geniş dünyagörüşü, dərin zəkası ilə fəth edən müəllimdir.
Fəzail İbrahimli hamıdan çox “Ən cəsarətli deputat” ,“İlin deputatı”, “Ən fəal deputat” nominasiyalarının qalibi olan, xalqın səsindən, danışıq üslubundan, qətiyyətli mövqeyindən tanıdığı deputatdır!
Fəzail İbrahimli canını qurban verməyə hazır olan dost, etibarlı insan, maraqlı yol yoldaşı, mövqeyi və aydın düşüncəsi olan siyasi xadimdir!
Fəzail İbrahimli kənardan baxanlara heç vaxt dərd-kədər içində görünməyən, çətinliyini heç kəsə bildirməyən, ancaq sevincini qucaq-qucaq bölən insandır!
Fəzail İbrahimli “ya banka, ya kiməsə borcu olmayan” ləyaqətli şəxsiyyətdir. Qapıları “döyənək” edən bəzi həmkarlarından fərqli olaraq deputat olduğu illərdə də uşaq hazırlaşdırıb halal zəhməti ilə övladlarını böyüdən, süfrəsinə haram tikə buraxmayan gözü, könlü tox insandır.
Fəzail İbrahimlinin dəbdəbəli bağı, biznesi, gözünün kölgəsi yoxdur, ancaq milli əxlaqa bağlılığı, şərəfi, ləyaqəti, şəxsiyyəti, müdrikliyi var!
Fəzail İbrahimli “vicdanını ovuclara sağmayan”, böyüklərin qarşısında “kiçilməyən”, şərəfini hər şeydən uca tutan dürüst bir insandır!
Daxili zənginliyindən irəli gələn qüruru bəzən təkəbbür təəssüratı yaratsa da, ədalı adamların qarşısında susmayıb üzlərinə sözünü desə də, ən sadə adamın qolundan tutub onun problemini həll edincəyə qədər rahatlıq tapmayan “sadədən sadə” insandır!
Fəzail İbrahimli Məmməd Araz demişkən, “məqamı gələndə Araza bənd olmağı”, “işıq sütunu kimi göyə bülənd olmağı” bacaran romantik bir insandır, bununla belə “yaxşıya bələdçi”, “pisə kəmənd” olmaq lazım gələndə hamıdan sərt olmağı da bacaran kişidir!
Fəzail İbrahimli “çox tozanaq atlını təmkin atıyla keçməyi bacaran” ömür yolunun səbirli səyyahı olmaqla bərabər həm də xeyirxahlığa, boğulan haqqı xilas etməyə tələsən səbirsiz bir atlıdır.
Fəzail İbrahimli Milli Məclisin sədr müavini kimi ali postda ola-ola ən adi adamlara zəng edib hal-əhval tutan, bayramlaşan, kasıb-kusubun xeyrində-şərində iştirak edən, xəstələri yoluxan, çətin durumda olanlara əl tutan nəcib şəxsiyyətdir.
Bütün qeyd edilənləri ümumiləşdirb demək mümkündür ki, tanrının bəxş etdiyi bütün titulların ən yaxşısından olmağı bacaran Milli Məclisin sədr müavini, deputat, alim, professor, müəllim, siyasətçi, ailə başçısı, dost, vətəndaş Fəzail İbrahimli böyük hərflərlə İNSANDIR!
Ad gününüz mübarək!
Fikrət ŞİRİYEV,
BDU-nun dosenti