“Şirvan kanalı ekoloji tarazlığı və kənd təsərrüfatının inkişafını təmin edəcək” - Vitse-spiker

 09:14 18.04.2024     558

Ölkəmizdə həyata keçirilən infrastruktur layihələr bir çox sahələri əhatə edir. Bu layihələr zəruriliyinə və miqyasına görə xüsusi əhəmiyyət kəsb edir, nəqliyyat, enerji, su, yol da daxil olmaqla əhatə olunan sahələrin inkişafı ölkəmiz üçün olduqca vacibdir.

Xüsusilə də, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr sürətinə və keyfiyyətinə görə dünyada icra olunan oxşar məzmunlu layihələrdən xüsusilə seçilir. Nəticə etibarı ilə Ermənistanın daşı-daş üstündə qoymadığı ərazilərə həyat qayıdır, evlər, xəstəxanalar, məktəblər tikilir, avtomobil yollarının, enerji təchizatı təmin edən müəssisələr açılır. Məhz Qarabağda və Şərqi Zəngəzurda aparılan iri miqyaslı tikinti işləri ilə yanaşı ekoloji tarazlığın qorunması və kənd təsərrüfatının inkişafı dövlət başçısının gündəliyində mühüm yer tutur.

Kənd təsərrüfatı sahəsinin inkişafı bu gün bir çox dövlətlər, eləcə də ölkəmiz  üçün olduqca vacibdir. Azərbaycan dünyadakı azsaylı ölkələrdəndir ki, kənd təsərrüfatı məhsullarını idxal etsin, əksinə ölkəmiz meyvə və tərəvəzin ixracı ilə məşğuldur. İxracın əsas səbəbi də torpağımızın məhsuldar, xalqımızın zəhmətkeş olması ilə birbaşa bağlıdır.

Lakin, qeyd etdiklərimlə bərabər bu gün dünyada baş verən ekoloji tarazlığın pozulması fonunda ölkəmizdə də su ehtiyatlarında azalmalar baş verir. Quraqlığın artması gələcəkdə torpaqların şoranlaşmasına, sahələrdən səmərəli istifadə istiqamətində yarana biləcək təhlükələri qaçınılmaz edir

Belə bir vəziyyətdə dövlət başçısının tərəfindən Şirvan suvarma kanalının əsasının qoyulması barədə imzalanmış sərəncam və eləcə də ölkə başçısının bu kanalın təməlqoyma mərasimində iştirakı bu sahədə baş verə biləcək problemlərdən bizi azad etdi. 1958-ci ildə əsası qoyulmuş Yuxarı Şirvan kanalı torpaq məcralı olması səbəbindən bu illər ərzində öz məhsuldarlığını itirmiş, qeyd olunan obyektiv səbəblərdən kanalda ciddi su itkiləri yaranmışdır. Belə bir məqamda kanalın inşası olduqca ümidverici bir layihədir, belə ki budəfəki kanal özündən əvvəlkindən həm məhsuldarlığına, həm də daha çox ərazini əhatə etməsinə görə fərqlənir.

Yuxarı Şirvan kanalı 8 rayonu əhatə etməklə 120 kilometrlik ərazidə idisə, yeni salınacaq kanal 10 rayonu əhatə edərək əvvəlkindən 2 dəfəyə qədər böyük ümumilikdə 200 kilometrdən artıq ərazini əhatə edəcək, ölkəmizdə bu sahədə həyata keçirilən ən meqa layihədir.

Kanalın əsas təyinatı kənd təsərrüfatının inkişafını, suvarma işlərinin aparılmasını təmin etməkdən ibarətdir. Kanalın salınması ilə həm də Hacıqabul gölünün ekosisteminin yenidən qurulacağı proqnozlaşdırılır, belə ki, bu göl 10 ildən artıqdır ki, quruyub və bu quruma özündə həm də ekosistemin məhvinə gətirib çıxarıb.

Ümumiyyətlə bu sahələrə göstərilən diqqət, ekoloji tarazlığın qorunmasına, meliorasiya işlərinin aparılmasında əsas məsələlər kənd təsərrüfatının inkişafını təmin etməkdir.  Daha əvvəldə açılışları həyata keçirilmiş kanallar, eləcə də su anbarları bölgənin inkişafına töhfə verir və müxtəlif sahələrin inkişafını tam təmin edir. Növbəti il isə inşası planlaşdırılan Qarabağ kanalı, kanalın əhatə edəcəyi ərazilərdə inkişafı təmin edəcəkdir.

Torpaqlarımızın bir hissəsi işğal altında olduğu dövrdə Ermənistanın su resurslarını daim zəhərləməsi, habelə bu sahədə də yaratdığı əngəllər nəticəsində Ağdam, Tərtər və s. ətraf rayon və kəndlərimiz susuzluqdan əziyyət çəkirdilər, yekunda torpaqlar şoranlaşır, su olmadığından əkin-biçin həyata keçirilə bilmirdi.

Şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsi və antiterror tədbirləri ilə torpaqlarımızın düşmən işğalından azad olunması ilə həm də sözügedən məsələ öz həllini tapdı. Belə ki, bu gün ölkəmizin su ehtiyatlarının 25%-nin Qarabağ və Şərqi Zəngəzura düşməsi, eləcə də bu ərazilərdə kənd təsərrüfatının və sənayenin inkişafına xüsusi stimul verəcəkdir.

Yekunda qeyd etməliyəm ki, sözügedən sahələrə diqqətin ayrılması həm məhsuldarlığın inkişafına, eləcə də ekologiyaya xüsusi töhfə verəcək, yaxın gələcəkdə bu layihələrin uğurlarını birlikdə görəcəyik.

Adil ƏLİYEV,

vitse-spiker