Quşçuluq təsərrüfatlarından deputata kəskin etiraz:  Əlində fakt varsa...

 15:45 22.04.2024     132

Aprelin 18-də Milli Məclisin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmələrdə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri ilə təmsil olunub.

Redaktor.az müsavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin rəhbərliyinin də iştirak etdiyi dinləmələr zamanı həm ölkənin qida sənayesinin təmsilçiləri, həm dövlət qurumlarının nümayəndələri, həm də Milli Məclis üzvləri tərəfindən mövcud vəziyyət qiymətləndirilib, bir çox səmərəli təkliflər səsləndirilib:

“Sağlam və qarşılıqlı anlaşma mühitində keçən müzakirələrin gedişində Aqrar siyasət komitəsinin üzvü deputat Tahir Kərimli tərəfindən əsası olmayan iddialar səsləndirilib. O, Azərbaycanda quş əti istehsalı müəssisələri tərəfindən quşların tez böyüməsi üçün onlara hansısa kimyəvi dərmanlar verildiyini, kəsimdən sonra onların bədəninə su vurulduğunu iddia edib.

Azərbaycan quşçuluq təsərrüfatlarının birləşdirən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxaracatçıları Assosiasiyası olaraq deputat Tahir Kərimlinin bu iddialarını heç bir real əsası olmayan böhtan, yeli sahibkarlığa qarşı qərəzli münasibətin nəticəsi kimi qiymətləndiririk”.

Assosiasiya bəyan edir ki, Azərbaycanın ixtisaslaşmış broyler müəssisələri tərəfindən quşların sürətli böyüməsi üçün onlara insan orqanizmi üçün zərərli ola biləcək hər hansı preparatlar verilmir. Quşlar yalnız müəyyən mərhələlərdə xəstəliklərə qarşı vaksinasiya olunurlar ki, bu da bütün dünyada tətbiq olunan praktikadır:

“İstehsal əsasən QOST standartına uyğun həyata keçirilir. QOST standartının toyuq əti üzrə müəyyən etdiyi tələblərə əməl edərək, sanpinin və qida təhlükəsizliyi kollegiya qərarlarını nəzərə alaraq İSO 22000 (HACCP tələbləri) əsasında istehsal aparılır.

Müəssisələrdə AQTA tərəfindən müntəzəm olaraq monitorinqlər, xidməti yoxlamalar aparılır, istehsal olunan quş əti həm zərərli bakteriyalara, həm də zərərli maddələrə görə yoxlanılır. Satışa göndərilən bütün partiya ətdən nümunə götürülərək, analiz edilir və baytarlıq arayışı verilir.

Bu gün Azərbaycan quşçuluq müəssisələrində istehsal olunan yumurta Rusiya və Körfəz ölkələrinə ixrac olunur. Onların əldə olunduğu toyuqlara verilən hər hansı preparat mütləq və mütləq həmin ölkələrin yoxlamaları zamanı üzə çıxar. İxracın başlandığı 2 ildən yuxarı müddətdə müəssisələrin heç birinə bununla bağlı hər hansı irad daxil olmayıb, ola da bilməz. Çünki quşçuluq müəssisələri öz fəaliyyətlərini Azərbaycan xalqının sağlamlığına zərər vura biləcək hər hansı qanunazidd əməllərə yol vermədən həyata keçirirlər.

Əgər Milli Məclis üzvünün əlində konkret fakt, quşlara tez böyümələri üçün verilən hər hansı preparatın adı varsa, açıqlamasını xahiş edirik. Digər tərəfdən, Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəsmi ticarət statistikası var, ölkəyə idxal olunan bütün preparatlar qeydə alınır. T.Kərimli özü deputat sorğusu verərək toyuqların şişirdilməsi üçün hər hansı preparatın Azərbaycana idxal olunub-olunmadığını müəyyən edə və əgər varsa, konkret faktla danışa bilər.

Biz sahibkarlar dövlətimizi, xalqımızı hər cür biznes maraqlarından üstün tuturuq. Çox təəssüf ki, ixtisasca hüquqşünas olan T.Kərimli əlində konkret fakt, sübut olmadan, bizi xalqımızın gözündən salan, işgüzar nüfuzumuzu zədələməyə yönəlik açıqlamalar səsləndirib. Azərbaycan dövlətinin, onun başçısının daim dəstək verdiyi yerli istehsalçılara böhtan atmaq, onların fəaliyyətinə kölgə salmaq Milli Məclis üzvünün tutduğu mövqeyə uyğun gəlmir”.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxaracatçıları Assosiasiyası quş əti istehsalı müəssisələrində T.Kərimlinin iddiaları ilə bağlı monitorinq və yoxlamaların keçirilməsi, nəticələrin açıqlanması üçün AQTA-ya müraciət edib:

“Eyni zamanda istehlakçı hüquqlarını müdafiə edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik ki, Azərbaycanda isethsal olunan quş ətində ölkə vətəndaşlarının sağlamlığına zərər yetirə biləcək hər hansı preparatın olub-olmadığını yoxlasın və ictimaiyyətə açıqlama versin.

Bundan əlavə, sahibkarların hüquqlarını müdafiə edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Dövlət Xidmətinə, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasına müraciət edirik ki, Milli Məclis üzvünün hüquqlarımızı pozmasına münasibətlərini bildirsinlər”.