"Ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlərə çatmışıq" - ETSN-in şöbə müdiri
Təbiətdə quraqlıq, yaşıllıq zonalarının azalması halları yaranır, meşə yanğınları intensivləşir, yer kürəsinin daxili regionlarında su qıtlığı baş verir və bunun nəticəsində ərzaq böhranı yaranır. Buna görə də bütün dünya ölkələri bir araya gələrək iqlim dəyişmələrinin qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar.
Eyni zamanda 2015-ci ildə ParisCOP-da razılaşmalara görə, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının səviyyəsinin 35 faizə qədər azaldılmasını öhdəlik götürüb. 2050-ci ilədək isə istixana qazlarının emissiyalarının 40 faiz azaldılması hədəfini elan etmişik.
Azərbaycanda bu öhdəlik və hədəf istiqamətində hansı işlər görülüb? 2030-cu ilə qədər üzərimizə götürdüyümüz bu öhdəliyə nə qədər nail olmuşuq? Hazırda 35 faiz azaldılmanın hansı faizinə çatmışıq? 6 il sonra bu öhdəliyimizin tamamlanması üçün qarşıda hansı işlər görəcəyik? COP29 çərçivəsində bu istiqamətdə görüləcək işlərin siyahısı varmı?
Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Redaktor.az-a danışdı.
Şöbə müdiri bildirdi ki, Azərbaycan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və bununla da iqlim dəyişmələri ilə mübarizə sahəsində beynəlxalq səylərə qoşulmuş hesab olunur:
"Daha sonra Konvensiyanın əsas alətlərindən olan, 2015-ci ildə qəbul edilmiş Paris Sazişini 2016-cı ildə ratifikasiya edib və bundan irəli gələrək bir neçə hədəflər müəyyən olunub və 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 1990-cı il baza ilə müqayisədə 35 faiz azaldılması hədəfi müəyyən edilib. Yenə də sazişdən irəli gələn tələblərə uyğun olaraq 2021-ci ildə Qlazqoda keçirilən 26-cı Tərəflər Konfransında yenilənmiş hədəf müəyyən edilib, bu da 2050-ci ilə qədər emissiyaların 40 faiz ə qədər azaldılması ilə bağlıdır. Yəni ümumiyyətlə qeyd etmək lazımdır ki, ölkəmiz ətraf mühitin mühafizə sahəsində bir çox konvensiyalara qoşulub. Yəni 20-ə yaxın konvensiya və müvafiq protokollara qoşulub. O cümlədən iqlim dəyişmələri ilə bağlı ölkəmizdə həyata keçirilən ekoloji siyasət ölkəmizin hərtərəfli inkişafına və ətraf mühitin sağlamlaşdırılmasına, təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı aparılan işlər, genişmiqyaslı tədbirlər və müvafiq olaraq icra olunan proqramlar nəticəsində hesab edirik ki, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində bir sıra əhəmiyyətli nailiyyətlərə çata bilmişik. Xüsusilə də son illərdə ölkədə yaşıl iqtisadiyyatın inkişafı və ya yaşıl iqtisadiyyata keçidlə bağlı potensialın artırılması istiqamətində istər qanunvericilik bazasının müasir tələblərə uyğunlaşdırılması istiqamətində islahatların aparılması, həm də iqlim dəyişmələri üzrə dekarbonizasiyanın, yaşıl investisiyaların cəlbi, yaşıl maliyyələşdirmə təşəbbüslərinin dəstəklənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Qeyd etmək olar ki, təkcə 2021-ci ildə 2 fevral tarixində ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetinə əsasən növbəti onillikdə ölkənin beş prioritetlərdən biri kimi müəyyən edilib. Eyni zamanda bu sənəd əsasında hazırlanmış Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial İqtisadi İnkişaf Strategiyasında yüksək keyfiyyətli ekoloji mühitin təmin edilməsi ilə bağlı mühüm tədbirlər, o cümlədən mövzu üzrə iqlim dəyişmələrinə təsirlərinin azaldılması, yəni mitiqasiya tədbirləri, eyni zamanda iqlim dəyişmələrinin tədbirlərinə uyğunlaşma, adaptasiya tədbirləri ilə bağlı bir sıra məsələlər yer alıb. Azərbaycan sözügedən Konvensiyaya qoşulduqdan sonra İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılıb. Komissiya bu yaxınlarda yeni tərkibdə yenidən təsdiq edilib ki, artıq Konvensiya çərçivəsində həyata keçirilən fəaliyyətin, eyni zamanda ölkə üzrə iqlim dəyişmələri sahəsində əlaqələndirmənin bu komissiya çərçivəsində tənzimlənməsi həyata keçirilir. Komissiyanın sədri də Baş nazirin müavini cənab Əli Əhmədovdur, komissiya üzvləri də müvafiq dövlət orqanlarının rəhbərləri, nazirlər, sədrlər səviyyəsindədir. İqlim dəyişmələri və bu götürdüyümüz öhdəliklərlə bağlı atılacaq addımlar, qəbul olunmuş dövlət proqramları, müəyyən edilmiş strategiyalarla yanaşı, məhz bu iqlim komissiyasında da mütəmadi olaraq müzakirə olunur".
Azərbaycanın götürdüyü öhdəliklərin hansı formada icrasına gəldikdə isə Faiq Mütəllimov bildirdi ki, müxtəlif sektorlarda atmosferə atılan emissiyalar, istixana qazları var.
"Sektoral yanaşsaq, xüsusilə energetika sektorunda həyata keçirilən, son illərdə aparılan siyasət nəticəsində böyük bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı irimiqyaslı layihələr üzrə müqavilələr bağlanınb. Yəni ölkənin enerji balansında bərpa olunan enerji mənbələri üzrə enerjinin qoyuluş gücünün 2030-cu ilə qədər 30 faizə çatdırılması bir hədəf kimi müəyyən edilib. İstər quruda, istər digər ofşor sahələrdə həyata keçirilən müxtəlif layihələr nəticəsində 2030-cu ilə qədər bərpa olunan enerjinin payının 30 faizə çatdırılması hədəflənir. Bu da energetika sektorunun payına düşür. İstixana qazlarının böyük əksəriyyəti və burada da həyata keçirilən tədbirlər bu sektordan emissiyanın azaldılmasına gətirib çıxaracağı proqnozlaşdırılır. Eyni zamanda nəqliyyat sektoru da ümumi Konvensiya çərçivəsində energetika sektoru çərçivəsində qiymətləndirilir. Nəqliyyat sektorunda son illərdə qəbul olunmuş müxtəlif qərarlar nəticəsində artıq ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə idxalında kifayət qədər artımlar müşahidə olunur. Elektromobillərə, hibrid avtomobillərə tətbiq olunan vergi güzəştləri, gömrük rüsumundan azadolmalar bu sahədə də müəyyən inkişafa gətirib çıxarıb. Əsas sektorlar olan energetika və onun daxilində olan nəqliyyat sektorunda genişmiqyaslı tədbirlər görülür ki, son nəticədə bizim beynəlxalq öhdəliklərimizin icrasına töhfə verir. Eynilə də digər sektorlarda, məsələn, kənd təsərrüfatı sektorunda, ağıllı həll yolları, müasir texnologiyaların istifadə edilməsi yolu ilə metan emissiyalarının azaldılması istiqamətində artıq müəyyən tədbirlər müəyyənləşdirilib. Son illərdə yeni sənaye müəssisələrinin yaradılması zamanı yüksək ekoloji tələblərə cavab verən texnologiyalardan istifadə edilməsi, mövcud müəssisələrin modernləşdirilməsi, sənaye sektorunda da emissiyaların azalmasına gətirib çıxardır", - deyən şöbə müdiri qeyd etdi ki, sənaye parklarının, sənaye məhəllələrinin yaradılması da bu istiqamətdə görülən əsas işlərdən biridir:
"Digər bütün sahələrdə də bu istiqamətdə müəyyən olunmuş prioritetlər, strategiyalar çərçivəsində işlər aparılır ki, bu da qoyduğumuz hədəflərə nail olmağa imkan verir. İşğaldan azad olunmuş ərazilərdə, Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonası elan edilib ki, burada da artıq istər enerji səmərəliliyi baxımından, istər istifadə olunan enerji mənbələri baxımından alternativ və bərpa olunan enerjilərə üstünlük veriləcəkdir. Qeyd edə bilərik ki, son illərdə aparılan ekoloji siyasət nəticəsində ölkəmizin qarşısına qoyulan və ölkəmizin öhdəlik götürdüyü bu Konvensiya istiqamətində mühüm tədbirlər görülür. Bunlar da bu Konvensiyanın hədəflərinə çatmağa bizə imkan verir. Məhz COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə Azərbaycanın bu sahəyə, ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına, eyni zamanda, iqlim dəyişmələri üzrə beynəlxalq aləmdə aktiv iştirakının və həyata keçirdiyi tədbirlərdə verilən bir dəyər kimi qiymətləndirilməlidir".
Faiq Mütəllimov COP29-la bağlı qeyd etdi ki, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında keçirilən bu tədbirlər mütəmadi olaraq keçirilir.
"Artıq bu il ölkəmizdə 29-cu Tərəflər Konfransı keçiriləcəkdir. Qobal səviyyədə emissiyaların paylanması müxtəlif cürdür, müxtəlif ölkələr tərəfindən müxtəlif həcmdə emissiyalar atılır, milli şəraitlər fərqlidir. Bəzi ölkələr əsas emitter rolunda çıxır, bəzi ölkələr daha çox iqlim dəyişmələrinin təsirlərinə məruz qalır. Bu konfrans çərçivəsində, ötən konfranslarda da müzakirə olunmuş məsələlər, açıq qalan məsələlər müzakirə olunacaqdır. Yəni iki həftə ərzində keçəcək bu konfransda növbəti dövr üçün artıq ölkələr qarşısında hədəflərə qlobal olaraq, istixana qazlarının qlobal temperaturunun 1.5 dərəcə səviyyəsində saxlanması ilə bağlı görülməli olan işlər müzakirə olunacaqdır. Azərbaycanın emissiyaların atılmasında rolu çox güclüdür, 0.15 faiz ətrafında qiymətləndirilir. Azərbaycan göstərir ki, qlobal miqyasda təsirləri böyük olmasa da, bu sahədə aktiv iştirakçılardan biridir. COP29-un Azərbaycanda keçirilməsi də bunun bir göstəricisidir. Bu ilin COP-u daha çox iqlim maliyyəsinə həsr olunub. Çünki qoyulan hədəflərə çatmaq üçün texnologiyaların inkişafı, texnologiyalara əlçatanlığın təmin olunması lazımdır. Bunun üçün, əlbəttə, böyük maliyyə vəsaiti tələb olunur və bu maliyyə vəsaitinin ayrılması üçün müxtəlif fondlar yaradılıb. Onların daha işlək mexanizminə gəlməsi, karbon emissiyalarının ticarəti ilə bağlı müəyyən olunan tədbirləri daha da aktivləşdirilməsi məsələləri var. Gündəlikdə həm adaptasiya, həm mitiqasiya üzrə bir çox məsələlər müəyyən olunub. Ölkəmiz də hər bir mövqe üzrə danışıqlarda, bu tədbirlərdə aktiv iştirak edib və bundan sonra da Azərbaycanın sədrliyi çərçivəsində də bu proses davam etdiriləcək", - deyə ETSN rəsmisi bildirdi.
Humay İSGƏNDƏRLİ