MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi oldu - FOTO

 15:28 03.05.2024     228

Mayın 3-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir.

Redaktor.az xəbər verir ki, Forumda açılış nitqi ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib. 

O bildirib ki, keçirilən Forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur. O, vurğulayıb ki, “İctimai proseslər media müstəvisində” mövzusuna həsr edilən Forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və s. ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, həssas qrupları təmsil edən şəxslərin fərdi müraciətlərinin araşdırılmasında obyektivliyin, media prinsiplərinin gözlənilməsi və məlumatların rəsmi mənbədən dəqiqləşdirilməsi də vacib məqamlardandır. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə vurğulayıb ki, ailə sirrlərinin, çətin həyat şəraitində yaşayan uşaqların hekayələrinin, şəxsi məlumatların yayımlanması qanunvericiliyin və etik prinsiplərin tələblərinin pozulmasına, bu da öz növbəsində yanlış düşüncələrin, davranış pozuntularının yaranmasına, şəxsi həyata qanunsuz müdaxilənin, hüquq pozuntularının norma kimi təbliğinə yol açır.

Erkən nikahla bağlı maarifləndirmə işlərinin vacibliyinə diqqət çəkən Milli Məclisin deputatı, Ailə, qadın və  uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ailə münasibətləri, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində media ilə səmərəli iş mexanizmlərinin qurulması müvafiq proseslərə ictimai nəzarətin gücləndirilməsinə, daha effektiv nəticələrin əldə olunmasına, nümunəvi davranış modellərinin formalaşdırılmasına əhəmiyyətli töhfə verə bilər.

Qeyd edək ki, Forum “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında təşkil ediləcək panel sessiyalar ilə davam edəcək.