Torpaqlarımız sürətlə şoranlaşır - Bəs çıxış yolu nədir? - AÇIQLAMA

 16:47 08.05.2024     1041

Hazırda əkinçiliyin inkişafına mənfi təsir göstərən amillərdən biri torpaqların şoranlaşmasıdır. Bu cür torpaqlara ölkədə ən çox isti və quru iqlim şəraiti olan Kür-Araz ovalığında rast gəlinir. Suvarılan torpaqların şoranlaşmasının müxtəlif səbəbləri var. 

Ölkəmizdə şoran torpaqların əkin üçün yararlı hala salınması COP29 çərçivəsində önəmli addım ola bilər.

Bəs Azərbaycanda şoranlaşmanın qarşısını almaq üçün hansı addımlar atılır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitsəinin sədri Tahir Rzayev dedi ki, ölkədə kənd təsərrüfatının sürətli inkişafı üçün ilk növbədə torpaqların münbitliyinin artırılması çox vacibdir:

"Bu da bir çox meliorativ tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu sahədə işlər gedir, yeni kanalların çəkilməsi, su anbarlarının yaradılması, kollektiv şəbəkələrinin çəkilməsi, kanalların təmizlənməsi bu istiqamətdə görülən işlərin bir nümunəsidir. Ancaq torpaqların şoranlaşması hər birimizi narahat edir. Son illər bu şoranlaşma xüsusilə müəyyən regionlarda artıb. Bunun əsas səbəblərindən biri müəyyən suvarma texnologiyasından düzgün istifadə olunmamasıdır. Ən başlıcası da kollektor-drenaj şəbəkələrinin təmizlənməməsidir, kanalların su keçirimliyinin təmin olunmamasıdır. Çünki qrunt suları üzə çıxanda mütləq şorlaşma baş verir. Onun üçün yeni kollektor-drenaj şəbəkələri çəkilməlidir ki, bu suyu çəksin, aparsın. Son illərdə təsərrüfata müəyyən qaydada qayğının artırılması ilə bərabər, digər tərəfdən müəyyən sahibkarların işə məsuliyyətsiz yanaşması, bu halların meydana gəlməsinə səbəb olur. İnsanlar elə bilirlər ki, torpağı daha çox suvaranda daha yüksək məhsul əldə eləmək olar. Ancaq bu, mümkün deyil. Bu gün müasir suvarma texnologiyasından istifadə etmək lazımdır. Ölkə rəhbəri də dəfələrlə bu məsələni gündəmə gətirib, deyib ki, biz istəyirik ki, su itkisinə yol verməyək, yüksək məhsul əldə edək, mütləq müasir texnologiyalara yiyələnməliyik".

Komitə sədri dedi ki, bu gün torpaq kanallarında su keçirimliyi bir o qədər yüksək deyil.

"Yeni beton kanallara keçid başlanılıb, 1000 kilometrlərlə belə kanallar artıq çəkilir. Yeni Şirvan-Qarabağ suvarma kanalının çəkilməsi haqqında ölkə rəhbəri tərəfindən çox mühüm iki sərəncam imzalandı və bu sərəncamların imzalanması bilavasitə həmin şoranlığın aradan qaldırılmasına və torpaqların münbitləşməsinə yönəldilib. Digər tərəfdən, kənd təsərrüfatı məhsullarının vaxtında, nümunəvi sulanmasına xidmət edir. Şoranlaşma bütün dünyada gedir, müəyyən iqlim dəyişiklikləri ilə əlaqədar olan məsələdir, eyni zamanda müəyyən gübrələrdən, minerallardan düzgün istifadə olunmamasının nəticəsidir. Bu sahədə dövlət proqramı var, cənab Prezident öz tapşırıqlarını verib, artıq sürətli işlər getməkdədir", - deyə Tahir Rzayev bildirdi.

Mövzu barədə danışan kənd təsərrüfatı eksperti Akif Nəsirli söylədi ki, Azərbaycanda hər il minlərlə hektar ərazi şoranlşır və ya şoranlaşmaya məruz qalır:

"Şoranlaşmanı provokasiya edən, qıcıqlandıran məsələ su kanallarımızın böyük əksəriyyətinin torpaq kanallar olmasıdır. Həmin torpaq kanallarda su aparılan zaman fitrasiya olunur, yeraltı sızma ilə ətrafdakı torpaqlara sızır və qrunt sularının səviyyəsini qaldırır. Şoranlaşma nədir? Şoranlaşma özü torpağın altında olan münbit üst qatından daha aşağı səviyyədə olan qrunt suları var, qrunt suları zərərli duzlarla zəngindir. Həmin qrunt suları torpağın üzünə qalxanda özü ilə bərabər həmin zərərli duz torpağın üst qatına, bitki bitən münbit üst qatına qaldırır. Torpağın tərkibində zərərli duzları artırır, bitkinin inkişafın mənfi təsir edir. Relyefə uyğun olaraq kanallar çəkirlər, o kanallar mütəmadi olaraq torpağın altındakı qrunt sularını meyli istiqamətində axıdır və həmin torpaqları münbitləşdirir. Müxtəlif münbitlləşdirmə üsulları var. Şoran torpağın yenidən münbitləşdirilməsi mümkündür. Adətən Kürdəmir, Ucar zonasında bu cür tədbirləri görmək bir qədər çətindir. Çünki orada torpaq meyilli deyil, düzənlikdir, düzənlik torpaqda da kanal çəksən də o kanalda su axmır. Sadəcə olaraq relyefi mailli olan ərazilərdə bu mümkündür. Məsələn, Beyləqanda, İmişlidə, Biləsuvarda və orada sovetlər dönəmində şoranlaşmdan xilas olan torpaqlar kifayət qədərdir".

Ekspert dedi ki, şoranlaşmanın qarşısını almaq üçün ilk növbədə suvarma kanalları beton kanallarla əvəz olunmalıdır:

"Ya da daha yaxşı kəmərlərlə əvəz olunmalıdır. Kəmərlər vasitəsilə olanda təkcə torpağa hopma deyil, həm də buxarlanmanın qarşısını alır və su itkisi aradan qalxır. Kəmərlə su ötürməyin bir üstünlüyü də odur ki, relyef amili aradan qalxır. Yəni kanaldan su axıdanda bu relyefdən asılı olur, gərək su yuxarıdan aşağı axa. Amma kəmərlə veriləndə bu relyef amili aradan qalxır. Ötürücü kanallar kəmər və ya beton kanallarla əvəzlənməlidir. Suyun idarə olunmasının mərkəzləşdirilməsi üçün konkret mərkəzi olmalıdır ki, o suyu idarə etməlidir. Bu gün Azərbaycanda suvarma suyu idarə edilmir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC var, suyu mənbədən götürür, ötürücü kanallara vurur, bununla da işini bitmiş hesab edir. Rayonlarda bunların şöbələri isə yalnız fermerlərə suyu verir,  pul yığmaqla məşğuldurlar. Arada boşluq var, bu su idarə edilmir deyə, kanalın yuxarı hissəsində olan fermerlər öz torpaqlarını normadan artıq suvarır. Məsələn, taxıl dörd dəfə suvarılmalıdır, bu fermerlər taxılı səkkiz dəfə sulayır. Elə bilirlər ki, suyu çox verməklə taxıl daha yaxşı bar gətirəcək. Buna həmin il nail olmaq mümkündür, suyu çox verməklə məhsulu bir qədər artırmaq olar. Amma məsələ burasındadır ki, suyu çox verməkdən torpaq şoranlaşır, növbəti il məhsul gətirmir. Kanalın aşağı hissəsindəki fermerə isə su çatmır, ona görə ki, yuxarıdakı artıq suvarma edib".

A.Nəsirli əlavə etdi ki, selləmə suvarma sistemi üsulundan mümkün qədər tezliklə yaxa qurtarmalıyıq.

"Suvarmanın daha mütərəqqi üsullarından istifadə etməliyik. Məsələn, süni yağış suvarması, indi belə bir aparat da var. Ölkədə təxminın 37 min hektar ərazidə süni suvarma, yağış yolu ilə suvarma aqreqatları quraşdırıblar və onlar həm torpağın şoranlaşmasına imkan vermirlər, həm də onların suvardığı yerdə məhsuldarlıq daha yüksək olur. Meyvə bağlarında, soğan əkinində də damcı üsulundan istifadə edirlər. Əraziyə kapron şlanklar çəkirlər və su tədricən damcı damcı həmin o bitkilərə sirayət edir. Yəni lazım olan qədər ətrafın isladır və yerin dərin qatını islatmır. Bu üsullardan istifadə edilməlidir, buna da maliyyə lazımdır. Maliyyəni də hökumət bir tərəfdən subsidyayla verir və ya sərfəli kreditlərlə aparatlar verir. Bir çox hallarda hətta kreditin də faizini subsidiyalaşdırırlar. Yəni vətəndaş kreditin faizini ödəmir də. Həmin aqreqat 100 min manatadırsa, 10 faizini subsidiyalaşdırırlar, ilkin faizi ödəmir, yalnız hissə-hissə, ilbəil fermer həmin əsas borcu ödəyir. Bəzən əsas borcda da güzəştlər olur. Bu ən azı 50 hektar torpağı olan vətəndaşa verilir. Azərbaycanda təxminən 500 min hektar suvarılan torpaq var, həmin hektarın heç 40 mini bu qurğularla, üsullarla təmin edilməyib. Təxminən 36-37 min hektar ərazi bu cür aqreqatlarla təmin edilib. Əgər o aqreqatlarla bütün suvarılan torpaqlarımızı təmin etsək, onda şoranlaşmanın qarşısını ala bilərik", - deyə ekspert bildirdi.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

2