İstehlakçı hüquqları və müdafiəsi

 09:59 13.05.2024     409

Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların hüquq və azadlıqları dövlətin prioritet saydığı yüksək dəyər kimi təsbit edilmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi həm bu kontekstdə, həm vətəndaşların iqtisadi hüquq, azadlıq və qanuni maraqlarına hüquqi qarantiya baxımından, həm də ictimai nəzarət də daxil olmaqla vətəndaş cəmiyyəti institutlarının inkişafı ilə bağlı müasir dövlət və cəmiyyətlərdə ön planda, diqqət mərkəzində saxlanılan  vacib məsələlər sırasındadır.

Müxtəlif proqramların  olmasına baxmayaraq hələ də ölkəmizdə istehlakçıların təhlükəsiz və keyfiyyətli qida ilə təminatında ciddi problemlər var. Gündəlik həyatımızda istehlakçıların hüquqlarının pozulması hallarına faktiki olaraq tez-tez rast  gəlirik.

Mövzunun aktuallığı istehlakçı-istehsalçı, istehlakçı-satıcı münasibətlərinin  hüquqi akpektdən  tənzimlənməsinin yalnız ölkəmizdə deyil, qlobal miqyasda da  gündəmdə olması və hətta neqativ ajiotaj yarada bilməsi ilə bağlıdır. Bu münasibətlərin tənzimlənməsində müəyyən qədər qanunvericilik bazası mövcud olsa da, müasir dövrün tələblərinə uyğun yeni ticarət növlərinin meydana çıxması, onlayn alış-verişin daha da genişlənməsi, bütövlükdə, müasir konsümerist cəmiyyət  bu münasibətləri  yenidən dəyərləndirməyi, mövcud norma və qaydalara əlavələr və dəyişikliklər etməyi zəruri edir.

Hər bir insanın aldığı məhsulun keyfiyyətini, tərkibini bilmək, ona yüksək səviyyəli xidmət göstərilməsini tələb etmək hüququna malikdir. İnsanlar din, dil, irq, cins və digər fərqliliklərindən asılı olmayaraq istehlakçı kimi ortaq bir  nöqtədə birləşirlər və bu fon istehlakçının hüquqları universallığını göstərir. 

Hər bir elm sahəsi istehlakçı anlayışını öz perspektivinə uyğun müəyyənləşdirir. Lakin Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununun 1-ci maddəsində istehlakçıya — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs kimi tərif verilmişdir.

Bir sözlə, bazarlarda, marketlərdə, ticarət mərkəzləri, turist və ictimai iaşə obyektlətində və s. bu kimi yerlərdə istehlakçı rolundayıq. Konkretləşdirərsək, alış-veriş etdiyimiz andan istehlakçıya çevrilirik və yaxud rabitə, nəqliyyat və ya istənilən növ xidmətlərdən istifadə ediriksə, artıq istehlakçıyıq. Həmçinin olduğumuz yerdən hər-hansı bir xidmət üçün onlayn ödəmələr həyata keçiririksə, müxtəli növ əmlak məhsulları sifariş ediriksə, biz istehlakçı kimi çıxış edirik.

İkinci dünya müharibəsindən sonra istehlakçıların iqtisadi cəhətdən daha güclü istehsalçıların qurbanına çevrilməsi nəticəsində “consumerism” adlı istehlakçı hərəkatları geniş vüsət almağa başlaması ilə ilk dəfə ABŞ-da başlayan bu hərəkat sürətlə Avropaya və dünyanın digər ölkələrinə yayıldı.

Bu prosesin məntiqi davamı kimi 1962-ci il martın 15-də ABŞ-ın o vaxtkı prezidenti J.F.Kennedinin imzaladığı “İstehlakçı hüquqları haqqında Bill” ilə istehlakçı hüquqları tarixdə ilk dəfə bir dövlət tərəfindən rəsmi olaraq tanındı. Həmin gün hazırda bütün dünyanın “Universal İstehlakçı Hüquqları” günü kimi tanınır. İstehlakçı haqlarına daxildir: 1.Təhlükəsizliyin və sаğlаmlığın müdafiəsi hüququ; 2.İqtisadi mаrаqlаrın müdafiəsi hüququ; 3.Dəymiş zərərin ödənilməsi hüququ; 4.Məlumat və təhsil hüququ; 5.Təmsil оlunmаq hüququ

1975-ci ildən sonrakı dövrdə istehlakçıların hüquqları üzərində yenidən işlənmiş və bugünkü, hamı tərəfindən qəbul edilmiş, Dünyа İstеhlаkçı Təşkilаtı tərəfindən elan edilən və aşağıda sıralanan 8 haqqa çatmışdır: 1. İlkin tələbаtın ödənməsi hüququ; 2. Sаğlаm ətrаf mühitdən istifаdə hüququ; 3. Təhlükəsizlik hüququ; 4. Dəymiş zərərin ödənməsini tələb еtmə hüququ; 5. Dinlənilmək hüququ; 6. Məlumаt аlmа hüququ; 7. İstеhlаkçı təhsili аlmа hüququ; 8. Sеçim hüququ.

Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən istehlakçı hüquqlarının tanınması və qorunması məqsədilə bir sıra sənədlər qəbul edilərək normativ baza formalaşdırılmışdır. (Məsələn: BMT-nin 1985 –ci il “İstehlakçıların hüquqlarının müdafiəsinə dair” Rəhbər Prinsipləri və s.).

AR Kontitusiyasının  qəbulu istehlakçı hüquqlarının təmin edilməsi istiqamətində vacib zəmin yaratdı. 19 sentyabr 1995-ci il tarixində qüvvəyə minmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun istehlakçılar üçün bərabər şərait yaradılması məqsədilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətləri, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirdi

Bu qanunun qəbulu ilə ictimai birliklər, qeyri-hökumət təşkilatları yaradıldı. Həmçinin istehlakçı hüquqlarını qorumağa məsul olan dövlət strukturları ilə QHT-lər öz aralarında rəqabətə cəhd etdilər ki,  bu da neqativ nəticələrsiz ötüşmədi.

İstehlakçı hüquqlarının pozulduğu əsas məsələlərdən biri də qida təhlükəsizliyinin normativ standartlara, qanunvericiliyin tələblərinə uyğun olmamasıdır. Keyfiyyətli ərzaq xammalın növü, istehsal texnologiyası, dad, rəng, struktur quruluşu və s. kimi müsbət, habelə tez xarabolma, rəngin, iyin, dadın dəyişməsi və s. kimi mənfi məqamları özündə əks etdirir. Ən əsası qida təhlükəsizliyi sağlamlıq üçün ciddi fəsadlar yarada biləcək təhlükəli faktorların qidanın tərkibində qalmaq, sonradan yaranmaq və ya qidanın tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir.

 “Qida təhlükəsizliyi haqqında” AR qanununda qidanın təhlükəsizliyini, qida zəncirinin bütün mərhələlərində, habelə qida məhsullarının istehlakı zamanı qida məhsullarının insanların həyat və sağlamlığına zərər vurmasını tam istisna edən vəziyyət kimi təsbit etmişdir.

Qida təhlükəsizliyinin etibarlı təminatı kompleks yanaşma tələb edir və istehlak bazarında hazır məhsula nəzarət etməkdənsə, qida məhsulları istehsalı zəncirinin bütün mərhələlərində məhsulun zərərsizliyini şərtləndirən qida təhlükəsizliyinin idarəedilməsi mexanizmlərinin yaradılmasını və tətbiqini zəruri edir.

Əhali artımı da birbaşa şəkildə istehlakçı hüquqlarına təsir edən amildir. Bu artımla zəruri yeyinti məhsullarına tələb artır. Bu isə torpağın insanları doyuzdura bilməməsini nəticədə müxtəlif cür kimyəvi gübrə və pestisidlərin tətbiqini artırır. Geni dəyişdirilmiş məhsulların, başda palma olmaqla ucuz və sərfəli olan yağlardan istifadənin və digər tipli insan sağlamlığına zərər vuracaq çeşidli istehsal məhsullarının dövriyyəsini artırır. İnsanın təhlükəsiz qida və ərzaqla təminat olması məsələsi gündən-günə daha aktual problemə çevrilir.

Hazırda məhsulun ərzaq bazarında dövriyyəsinə nəzarət İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilir.  Müxtəlif proqramların  olmasına baxmayaraq hələ də ölkəmizdə istehlakçıların təhlükəsiz və keyfiyyətli qida ilə təminatında ciddi problemlər var. Gündəlik həyatımızda istehlakçıların hüquqlarının pozulması hallarına faktiki olaraq tez-tez rast  gəlirik. Adətən istehlakçı kimi hüququmuz pozulduqda 3 həll  variantından birini və yaxud hamısını seçirik:

1.  Məhsulu və ya xidməti əldə etdiyimiz  yerə, məsələn, market və ya kafeyə yaxınlaşır  satan və ya  istehsalçı şirkətə şikayət edirik.

2. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edirik.

3. Məhkəməyə üz tuturuq.

Beynəlxalq təcrübəyə əsasən, vətəndaş cəmiyyətinin fəallığı, bu sahədə qeyri-hökümət təşkilatlarının həm kəmiyyət, həm də keyfiyyətcə fərqlənməsi effektiv nəticə və səviyyəni  yüksəldə bilər. Bu, birbaşa olaraq istehlakçıların müdafiəsi haqqında qanunun 27-ci maddəsindən də irəli gəlir. Qanuna əsasən,  Azərbaycan Respublikasının vətəndaşları öz qanuni hüquqlarının müdafiəsi üçün könüllülük əsasında birləşib istehlakçıların ictimai təşkilatlarını (istehlakçılar birliyini) yaratmaq hüququna malikdirlər. Yəni, bu, o deməkdir ki, cəmiyyəti təşkil edən şəxslər bir neçə qruplarda birləşərək ictimai təşkilatları təsis edə bilər. Bu ictimai birliklər sayəsində daha yaxşı, daha geniş səviyyədə  hüquqlarımızı qoruya, yəni öz istehlakçıları hüquqlarımızı müdafiə edə bilərik. Amma istehlakçı hüquqlarının qorunmasında əsas yük dövlətin üzərindədir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müvafiq müxanizm və alətlərlə daha effektiv rol oynamaq imkanına sahibdir.

Ölkə mediasında qida təhlükəsizliyi ilə bağlı şadlıq evlərində problemlərin mövcudluğundan yazırlar. Bəzən kütləvi zəhərlənmə hadisəsində sənaye üsulu ilə istehsal edilən malların adı çəkilmir. İnsan zəhərlənən zaman dərhal səhiyyə orqanlarına müraciət edir. Səhiyyə Nazirliyi əməkdaşları ilk olaraq zərərçəkənin mədəsini yuyur və sonra bununla işlərini bitmiş hesab edirlər. Lakin bu cür faktlardan sonra çox zaman həkim zəhərlənmənin hansı məhsul səbəbindən olduğu ilə bağlı bir sənəd hazırlayıb vermir. 

Qida təhlükəsizliyi ilə bağlı dünya təcrübəsinə gəldikdə isə orada məhsulların marketlərin qapısından içəri daxil olması üçün ciddi baryer var. Çünki istehlakçı əsasən marketdə aldadılır. Marketə gətirilən hər bir məhsulun üzərində ayrıca ekspertiza aparılır. Bu ekspertiza aparan struktur ictimai qurum olduğundan kütləvi informasiya vasitələri onun işində yaxından iştirak edə bilir. Qurum məsuliyyəti öz üzərinə götürərək bəyan edir ki, bu marketdə zəhərlənmə, yaxud hər hansı bir xoşagəlməz hal olduqda kompensasiya onun tərəfindən ödənilir. Hətta marketdəki qida səbəbindən hər hansı bir insan zəhərlənərsə, ekspertizaya cavabdeh olan şəxs həbs oluna bilər.

Bu baxımdan Azərbaycanda da ekspertizanın aparılmasında müstəqil təsisatların iştirakı bu sahədə uğurlu addım ola bilər. Məsələn, Almaniyada qidanın həm istehsalına, həm də satışına nəzarət müstəqil ekspertiza qurumları tərəfindən aparılır. Onların icazəsi olmadan heç bir mal nə istehsal edilə, nə idxal oluna, nə satışa çıxarıla bilər.

İstehlakçı hüquqlarının təmini dövlət orqanının həyata keçirdiyi siyasətlə məhdudlaşmır. Bunun üçün ən az vətəndaşlar da öz hüquqlarını müdafiə etməli və istehlakçılar üçün qanunun verdiyi geniş imkanlardan istifadə etməlidir. Belə ki, hər bir vətəndaşın bu sahədə qanunla ona verilən “yoxlayıcı hüququ” vardır. İstehlak predmetinin istehsal yeri, istifadə müddəti, tərkibi, yararlılığı və s. barədə vətəndaşlar öz tənqidi fikirlərini, şikayətlərini müvafiq dövlət orqanına göndərə bilərlər. Bu isə ilk başda cəmiyyətin maarifləndirilməsini zəruri edir.

İstehlakçıların hüquqlarının müdafiəsinə yönəlmiş təşəbbüslər daha çox istehlakçı şikayətlərinin həllinə və müştərilərin alış-veriş zamanı diqqət etməli olduğu məsələlərin izahına yönəlməsi daha mütərəqqi ola bilər. Təcrübədə ən çox qarşılaşılan - nümunəyə, təsvirə, reklama əsasən satılmış malların onlara uyğun gəlməməsi; malların keyfiyyətinin qənaətbəxş olmaması; malların istehlakçının məqsədinə uyğun olmaması; müqavilədə razılaşdırılmış çəkiyə və ölçüyə uyğun gəlməyən malların verilməsi; malın razılaşdırılmış müddətdə çatdırılmaması; malın, xidmətin müqavilənin şərtlərinə uyğun gəlməməsi və bir sıra digər qüsurlar istehlakçının malda və ya xidmətdə yaranmış qüsura görə satıcıya, istehsalçıya və ya icraçıya qarşı bir sıra tələblər irəli sürmək hüququ yaradır. Bu kimi hallarda istehlak bazarında baş verənlərdən xəbərdar olmaq, istehlakçıların tələbini qarşılamayan malın necə və neçə gün ərzində geri qaytarılması və ya dəyişdirilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və digər prosedur qaydalar haqqında istehlakçıların müvafiq biliklərə malik olması üçün bu sahədə maarifləndirmə işinin həyata keçirilməsinə zərurət var.

Texnologiyanın inkişafı ilə yaranan elektron mənbələr, eyni zamanda kütləvi informasiya vasitələrində müvafiq dövlət qurumlar, qeyri-hökümət təşkilatlar və ekspertlər tərəfindən maarifləndirmə işləri mütəmadi şəkildə davam etsə də, bu qənaətbəxş deyildir. Maarifləndirmə səviyyəsinin yüksəldilməsinə hələ uşaq yaşlarından başlanmasının mühüm əhəmiyyəti var.

Beləliklə, istehlakçıların hüquqlarının pozulması əksəriyyətinin hüquqlarından xəbərinin olmaması ilə bağlıdır. Bu isə onların qanunla verilmiş hüquqlardan istifadə edə bilməməsi ilə nəticələnir. İstehlakçıların maarifləndirilməsi istehlakçının iqtisadi resursları idarə etmək, mal və xidmətləri seçmək, almaq və istifadə etmək bacarığını təkmilləşdirməklə, istehlakçıların hüquq və vəzifələri haqqında məlumatlandırmaq və cəmiyyətə rasional istehlakçıları cəlb etmək məqsədinə də xidmət edir. İstehlakçılar arasında öz hüquqlarını axtarmaq, istifadə etmək və təşkil etmək üçün məlumatlılığın inkişaf etdirilməsi istehlakçıların maarifləndirilməsinin digər məqsədləri sırasındadır.

İstehlakçıların bazar iqtisadiyyatı şəraitində potensial olaraq ölkə iqtisadiyyatını istiqamətləndirmək imkanlarını nəzərə aldıqda məhz maarifləndirilmənin zəruriliyi bir daha özünü göstərir. Bu istehlakçıların daha şüurlu və düzgün qərarlar qəbul etməsinə şərait yaradır. Bu proses isə istehsalçıların mal və xidmətlərinin keyfiyyətini artırmasını məcbur edir.

Tamhüquqlu istehlakçı kimi malların, onların istehsalçısının, icrasının, satıcısının seçilməsini məhz biz sərbəst həyata keçiririk. Həmçinin, istehlak etdiyimiz malların gərəkən yüksək keyfiyyətdə olmasını tələb etmək hüququna malik. Malların və xidmətlərin təhlükəsiz olmasına, onların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququmuz var. Qanunlarda nəzərdə tutulan hallarda tələblərə cavab verməyən, keyfiyyəti olmayan malların, ərzaqların bizlərə vurduğu zərərlərin ödənilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etmək, onları məhkəmələrə cəlb etmək kimi hüquqlarımız var.

Fidan Bayramova, 

Milli Aviasiya Akademiyasının magistri

Açar sözlər: İstehlakçı, istehsalçı, məhsul, xidmət, mal, hüquq, müdafiə, qanun, dövlət.