Şəhid xanımı haqqında yazılanlara hiddətləndi - AÇIQLAMA

 13:42 14.05.2024     738

Sosial şəbəkələrdə şəhid xanımı haqqında yanlış məlumatlar tirajlanır.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə və bəzi saytlarda Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənovaya Odlar Yurdu Universitetində vəzifə verilməsi barədə məlumat yayılıb.

Amma şəhid xanımı öz sosial şəbəkə hesabında bu məlumatın yanlış olduğunu qeyd edib.

"Sosial şəbəkələrdə mənim Odlar Yurdu Universitetində vəzifəyə təyin olunmağım haqqında məlumat yayıblar. Bu keçən ilin xəbəridir, mən artıq orda çalışmıram. Xəbər səhifələri, reyting üçün köhnə xəbəri yeni adı ilə yayıb şəhid ailələri adından piar qazanmayın. Məsuliyyət daşıyırsınız! Belə yalan məlumatlar yaymaqla bizim qarşımıza çıxan iş imkanlarına da məhdudiyyət qoyulur. İşə ehtiyacımız olduğu anda, işlə təmin olunduğumuzu yazırlar yalandan. Ar olsun!", - deyə o, paylaşımında qeyd edib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Əzizə Həsənova bildirdi ki, sözügendən məlumat ötən ilə aiddir:

"Ötən gün bir çox xəbər səhiflələrində təyinat almağımla yalan məlumatlar tirajlandı. Bir il öncə Odlar Yurdu Universitetində təyinat almışdım. Lakin sonradan məsafənin uzaqlığı səbəbindən işdən ayrıldım. Reytinq xatirinə bu cür yalan məlumatlar yayırlar".

Qeyd edək ki, çavuş Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. O, Vətən müharibəsi zamanı qəhrəmancasına vuruşub. Oktyabrın 13-də Füzulinin azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. F.Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Humay İSGƏNDƏRLİ