"Araz" supermarket qulplu torbaları yığışdırıb - Alıcılar narazıdır
Bildiyimiz kimi, marketlərdə çəki ilə satılan ərazqlar alıcılara polietilen torbalarda verilir. Eyni zamanda həmin paketlərin qulpu olur.
Amma Bakının Bayıl qəsəbəsi, 20-ci sahə dairəsi adlanan ərazisində olan "Araz" supermarketdə bir aydan çoxdur ki, polietilen torbalar alıcılara qulpsuz şəkildə təqdim edilir.
Məsələn, meyvə-tərəvəz, konfet, ət və ət məhsulları, şor, pendir və sair çəki ilə satılan məhsulları indi qulpsuz polietilen torbada verirlər. Bu isə alıcıların ciddi narazılığı ilə qarşılanır.
Şikayətçi Aysel Məmmədova saytımızın əməkdaşına bildirib ki, bir neçə ildir həmin marketin müştərisidir:
"Bəzən elə olur ki, ya meyvə-tərəvəzdən, ya qastronomdan, şirniyyatdan kiloqramla nəsə alıb çıxırıq. Həmişə aldıqlarımızı qulplu torbaya qoyub verərdilər. Amma neçə vaxtdır torbaların qulpunu sanki siçan yeyib. Qulpsuz da torba olar? Satıcılara deyəndə də cavab verirlər ki, qulplu torbalar yığışdırılıb, müdriyyətin qərarıdır. Təsəvvür edin ki, tutaq ki, yarım kilo şor alıb çıxmalıyıq, onu qulpsuz torbaya qoyduqları üçün bundan ötrü kassada gərək 3 və ya 5 qəpiklik torba da alaq. Onsuz da istənilən market qulplu torbaya da, qulpsuza da eyni xərci çəkib alırlar. Mənə elə gəlir "Araz" market görür ki, camaat çəkiylə alınan məhsul üçün bəzən kassada təklif olunan 3-5 qəpiklik torbaları istəmirlər deyə, belə bir yola əl atıb ki, adamlar qulpsuz torbada aldıqlarını pul verib qulplu torbaya qoysunlar. Torba satmaq üçün nə hoqqalardan çıxırlar. Onların qablaşdırdığı həmin qulplu-qulpsuz torbanın qiyməti 1 qəpik eləmir. Əgər siz torba satmaq istəyirsizsə, eybi yox, siz onu 1 qəpikdən kassada satın, biz alarıq. Niyə təkcə 3-5 qəpiklik torba satırsız? Yaxındakı "Bravo" marketdə heç belə etmirlər. Orada belə birbırçılıq yoxdur. Ona görə də özümə söz vermişəm ki, bir də "Araz"a girməyim".
Redaktor.az məsələ ilə bağlı "Araz" supermarketlər şəbəkəsinin İctimayətlə əlaqələr meneceri Ümidə Həsənova ilə əlaqə saxladı.
""Araz" supermarketlər şəbəkəsinin filiallarında qulplu və qulpsuz torbalar müştərilərə təqdim olunur. Bu, bir seçimdir. Müştəri istədiyini seçə bilər", - deyə Ü.Həsənova bu sözlərlə kifayətləndi.
Humay İSGƏNDƏRLİ