Milli Məclisdə insan alverinə qarşı mübarizə müzakirə olundu

 17:02 17.05.2024     344

Mayın 17-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə çıxarılıb.

Redaktor.az-ın məlumatına görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc tədbiri açaraq bildirib ki, insan alverinə aid olan cinayətlər formasına görə cinsi istismar, məcburi əmək, məişət köləliyi, orqan alveri, məcburi cinayət və dilənçilik hesab olunur. Bu cinayət növünə qarşı mübarizə üzrə öhdəliklərə onun qarşısının alınması, qurbanlara yardım və onların müdafiəsi, cinayətkarların təqibi, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi aiddir. Ötən müddət ərzində Azərbaycanın bu sahədə gördüyü işlər müxtəlif beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilib.

Komitə sədri çıxışında insan alveri ilə mübarizə sahəsində bir sıra risk faktorlarından bəhs edib, o cümlədən əmək bazarında vəziyyətin önəmli rolunu qeyd edib. O, bəzi statistik rəqəmləri nəzərə çatdıraraq bildirib ki, ölkəmizdə 47 şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktı aşkarlanaraq 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat məbləğində inzibati cərimə tətbiq edilib. Bununla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar zamanı 512 şəxsin əmək müqaviləsi olmadan işləməsi faktı aşkarlanaraq işəgötürənlər ümumilikdə 2.374.400  manat məbləğində cərimələnib. Habelə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 159 insan alveri və 3 məcburi əmək faktı aşkarlanıb, lazımi tədbirlər görülüb. Sənəddə, eyni zamanda, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 58 faktın aşkarlandığı və bu hadisələrə qarşı mübarizə tədbirləri barədə məlumat verilir. Həmçinin, qeyd olunur ki, “152” Qаynаr xəttinə dахil оlmuş 9.626 zəngin hər biri araşdırılıb və müvafiq addımlar atılıb.

Sonra İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı barədə fikirlərini açıqlayıb. O, insan alveri cinayəti ilə mübarizədə aidiyyəti dövlət strukturlarının, ictimaiyyət nümayəndələrinin birgə səylərinin  önəmindən danışıb. Bu sahədə səmərəli fəaliyyətin təmin edilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsinin, nəzarət mexanizmlərinin genişləndirilməsinin vacibliyini qeyd edib.

Sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edib.

İdarə rəisi ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizmin yaradıldığını, İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət planlarının uğurla icra edildiyini söyləyib. O, illik məlumatın Ağır Cinayətlər məhkəmələrinin, Baş Prokurorluğun, Ombudsman Aparatının, beynəlxalq təsisatların, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Daxili İşlər Nazirliyinin struktur qurumlarının müvafiq sahə üzrə Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin yerinə yetirilməsinin və apardıqları monitorinqlərin nəticələri, təhlilləri nəzərə alınmaqla hazırlandığını deyib. Qeyd edib ki, məlumatda insan alverinə qarşı mübarizə fəaliyyəti ilə bağlı qanunvericilik, profilaktika, maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş, qarşıda duran vəzifələr kimi istiqamətlərdə görülən işlər öz əksini tapıb.

Bildirilib ki, hesabat dövründə insan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın icraçı qurumlarının siyahısı dəqiqləşdirilib, normativ hüquqi aktlara uyğunlaşdırmalar aparılıb. Bununla yanaşı, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”na əsasən İnsan alveri qurbanları üçün Yardım Mərkəzinin yaradılması, xüsusi müəssisədə insan alveri qurbanlarının dərman preparatları ilə təmin edilməsi, təxirəsalınmaz tibbi və psixoloji yardımın göstərilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin funksiyalarına aid edilib. Həmçinin, Nazirlər Kabinetinin 2023-cü il 16 may tarixli Qərarı ilə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” təsdiqlənib.

Həzi Aslanov qeyd edib ki, insan alverinin qarşısının alınması barədə metodik vəsaitlərin və maarifləndirici materialların hazırlanması və yayımlanması, həmin cinayətlərin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə dözümsüzlük mühitinin yaradılması, bu işə vətəndaş cəmiyyəti institutlarının və media subyektlərinin cəlb edilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış 14.000 maarifləndirici buklet aidiyyəti dövlət orqanlarına göndərilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3.000 nüsxədə hazırlanmış “İnsan alverinin qurbanı olma” bukleti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “İnsan alveri-Uşaq alveri ilə mübarizə” mövzusunda 1.000 ədəd məlumat kitabçası paylanılıb, sosial şəbəkələrdə məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib. Səhiyyə Nazirliyi tərəfindən “İnsan alveri problemi və onun profilaktikası” məzmununda metodik vəsait hazırlanıb, “Sağlam uşaq” internet portalında  maarifləndirici materiallar yerləşdirilib. Ombudsman Aparatı tərəfindən “Ombudsmanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi” adlı maarifləndirici vəsait və “Uşaq Hüquqları Konvensiyası” elektron kitabı ictimaiyyətə təqdim edilib.

Nəzərə çatdırılıb ki, ötən il insan alveri və məcburi əməklə mübarizədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, məlumat mübadiləsi, ölkəmizin mövqeyinin qorunması sahəsində də önəmli addımlar atılıb. Bu istiqamətdə beynəlxalq təşkilatların insan alverinə qarşı mübarizəyə dair tövsiyə və sorğuları cavablandırılıb, insаn аlvеrinə qarşı mübarizədə mütərəqqi bеynəlхаlq təcrübənin öyrənilməsi məqsədilə xüsusi polis qurumunun əməkdaşları müxtəlif xarici təşkilatlar tərəfindən həyata kеçirilən layihələrdə fəal iştirak ediblər.

DİN-in İdarə rəisi insan alveri сinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində  159, məcburi əməklə bağlı 3, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar             44 cinayətin qeydə alındığını vurğulayıb. Bildirilib ki, hesabat dövründə insan alveri və məcburi əmək cinayətləri ilə bağlı 16 cinayət işi başlanıb və 18 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. 11 cinayət işinin istintaqı tamamlanaraq 14 şəxs məhkəmə məsuliyyətinə təqdim edilib, insan alverçilərinin 10-u barəsində ittiham hökmü çıxarılıb. Həmçinin, qeyd olunub ki, insan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası da diqqətdə saxlanılıb.

Çıxışının sonunda Həzi Aslanov qarşıda duran vəzifələr, o cümlədən insan alverinə qarşı mübarizədə müstəsna rol oynayan 2025-2030-cu illəri əhatə edən növbəti Milli Fəaliyyət Planının hazırlanması və nəzərdə tutulan digər tədbirlər barədə danışıb.

Müzakirələrdə deputatlar Fəzail Ağamalı, Azay Quliyev, Elman Nəsirov, Naqif Həmzəyev, Tural Gəncəliyev, Elşad Mirbəşir oğlu, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Kamal Cəfərov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” İctimai Birliyinin sədri Ramiz Alıyev, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva çıxış ediblər. Çıxışlarda ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər, əldə edilən nailiyyətlər təqdirəlayiq hesab olunub. Bu istiqamətdə problemlərin aradan qaldırılması üçün müvafiq strukturların əməkdaşlığının vacibliyindən bəhs edilib, profilaktik tədbirlərin səmərəliliyinin artırılması, maarifləndirmənin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov qaldırılan məsələlərə münasibət bildirib.

İclasın sonunda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tədbirdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvləri, aidiyyəti qurumların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

222