“Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq” - Anar Bağırov
“2023-cü ildə Türkiyənin Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələ baş qeydə alınanda Azərbaycan vəkillərinin hər biri birləşib qardaşlarımıza, Türkiyə Barolar Birliyinə var gücümüzlə dəstək verməyə çalışdıq. Çünki bu, bizim mənəvi borcumuz idi. Əgər biz bir-birimizə qardaş deyiriksə, təbii ki, bunu əməldə sübut etməliyik. İnanıram ki, bundan sonra da biz yaxşı və pis günlərdə də bir yerdə olacağıq”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə keçirilən Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşündə çıxışı zamanı deyib.
Sədr bildirib ki, bu gün vəkillik tarixində çox önəmli bir gündür:
“Gələcəkdə bugünkü gün xoş bir gün kimi, yadda qalacaq, xatırlanacaq. Bu gün yaranan əməkdaşlıq, qarşılıqlı münasibət gələcək illərdə də güclənəcək. Əminəm ki, hazırda tarixə imza atırıq. Bu münasibətlə bütün həmkarlarımı ürəkdən təbirik edirəm. Türkiyə Barolar Birliyinin prezidenti dəyərli Erinç bəyə bir daha minnətdaram ki, bu görüşün gerçəkləşməsində önəmli səylər göstərdi. Arzu edirəm ki, bu toplantı növbəti illərdə də davam etsin, gələcəkdə belə bir təşkilat təsis olunsun. Bu təşkilatın ölkələrimizdə rəsmi ofisi, təmsilçiləri olsun. Vəkillər üçün təlimlərin, konfransların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və bir sıra məsələlərin müzakirə olunmasını istəyirəm. Hesab edirəm ki, Türk dünyasının vəkilləri də bunu arzulayır”.
Anar Bağırov Türkiyə Barolar Birliyinin prezidenti Erinç Sağkanın yenidən Azərbaycana dəvət edib:
“Bilirəm ki, siz Azərbaycanı çox sevirsiz. Çox istərdim ki, sizi yenidən ölkəmizdə görək. Bildiyiniz kimi, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, çox önəmli bir hadisədir. Bu hadisə çərçivəsində Türk dünyası Vəkillər kollegiyalarının daha da yaxından iştirak etməyə dəvət edirəm. Düşünürəm ki, bundan sonra da keçirilən tədbirlərə bir-birimizi dəvət edək, daha sıx münasibətlər olsun. Bütün vəkillərə müraciət edərək bizim bu təşəbbüsü dəstəkləməyə çağırıram”.