“Dörd kəndin qaytarılması Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır” - Polkovnik
“Dörd kəndin qaytarılması Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır”
“Qazaxın dörd kəndinin geri qaytarılması dövlətimizin, onun lideri Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır”.
Redaktor.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər dövlətimizin diplomatik qüdrətinin təntənəsidir:
“Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması dövlətimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin diplomatik müstəvidə davamı deməkdir. Bir güllə belə atılmadan 4 kəndin azad edilməsi faktı bir kəs daha sübut etdi ki, ölkəmiz hərbi müstəvidə olduğu kimi diplomatik müstəvidə də güclüdür və öz istəyini diktə edə bilir.
Unutmaq olmaz ki, bu gün erməni kilsəsi və Ermənistan daxilindəki revanşist qüvvələr, habelə, xaricdəki erməni diapsoru Azərbaycanla Ermənistan arasında istənilən razılaşmaya qarşıdır. Onlar tarixi Azərbaycan torpaqlarının ölkəmizə qaytarılmasını düzgün hesab etmir, rəsmi İrəvanın ünvanına ciddi ittihamlar səsləndirirlər. Məhz belə bir mürəkkəb situasiyada rəsmi Bakının mili maraqlarımızın müdafiəsi istiqamətində bu cür mühüm razılaşma əldə etməsi ikiqat uğur əldə edilə bilər”.
Polkovnik qeyd edib ki, bu uğuru özünəməxsus edən mühüm nüasnlardan biri də məlum razılaşmanın heç bir vasitəçi olmadan əldə edilməsidir:
“Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, dörd kəndin geri qaytarılması və bu kəndlərlə bağlı delimitasiya və demarkasiya prosesinin yekunlaşması heç bir vasitəçinin iştirakı olmadan – Azərbaycan Ermənistan işçi qrupları arasındakı razılaşmaya əsasən baş tutub. Bu isə bir daha vasitəçisiz danışıqların daha uğurlu və effektiv olduğunu göstərir. Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycanın vasitəçiyə ehtiyac duymadığını, vasitəçisiz danışıqların daha səmərəli olduğunu vurğulayıb”.
Cəlil Xəlilov qeyd edib ki, bu kimi razılaşmalar Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilə sülh müqaviləsi üçün də əlverişli zəmin formalaşdırır:
“Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsinin üstündən 4 il ötsə də, hələ də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Buna səbəb İrəvanın 10 noyabr bəyanatından irəli gələn öhdəliklərə əməl etməməsi, bu öhdəliklərdən müxtəlif vasitələrlə yayınmasıdır. Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası ilə bağlı əldə edilən razılaşmalar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli zəmin yaradır.
Əminəm ki, rəsmi İrəvan sərhədlərin delimitasiyası və Azərbaycanın sülh səylərinin dəstəklənməsi siyasətindən imtina etməzsə, biz qısa zamanda iki dövlət arasında daha ciddi razılaşmalara şahid olacağıq”.