"Yağış kənd təsərrüfatında məhsuldarlığa ciddi ziyan vurur" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bir neçə həftədir ölkədə yağmurlu hava şəraiti hökm sürür. Havanın yağmurlu keçməsi səbəbindən meyvəçilik və bir çox kənd təsərrüfatı sahəsinə ziyan dəyir. Kürün məcrasından çıxması da bu zərəri artrır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan kənd təsərüfattı üzrə ekspert Akif Nəsirli söylədi ki, Kür sahilləri boyunca o qədər də, neyvə bağları yoxdur:
"Kür əsas Aran zonasından keçir. Azərbaycanın meyvəçilik təsərrüfatının əsas hissəsi şimalda yerləşir. Cənubda və Aran rayonlarında olan meyvəçilik bağları o qədər də geniş ərazini əhatə etmir. Kənd təsərrüfatı məhsullarının Kür qırağına yaxın yerlərdə əkini varsa, sel onları yuyub aparır. Hazırda o bitkilərin fidan vaxtıdır, amma hava şəraiti onların inkişafına imkan vermir, zəif köklərə malik olan cücərtiləri yuyub aparır. Digər tərəfdən hava şəraitinin uzun müddət 20 dərəcənin ətrafında tərəddüd etməsi bostan, tərəvəz bitkilərinin inkişafını gecikdirir. Bostan, tərəvəz bitkiləri açıq havada minimum 25 dərəcədən sonra inkişaf etməyə başlayır. Yəni aşağı temperaturun özü kənd təsərrüfatı məhsullarının, bitkilərinin inkişafını geridə qoyur, inkişafdan saxlayır. Üstəgəl uzun müddət günəş işığının az olması, yerin altında rütubətin uzun müddət olması istənilən bitkinin köklərində çürümənin başlanmasına şərait yaradır. Hazırda bu daha çox pambıqçılıq təsərrüfatlarına zərər vurur".
Ekspert vurğuladı ki, aprel ayında yemiş, qarpız, xiyar əkmişiksə, bu gün onu bərpa etmək məcburiyyətində qalırıq, çünki məhsuldarlıq gecikir:
"Belə hava şəraiti həm məhsuldarlığı aşağı salır, həm də məhsulun bol yetişməsinin qarşısını alır. Digər təsirlər də var. Məsələn, küləkli, yağışlı havada taxıl yatır. Artıq tutmuş sümbüllərdi, ağırlaşmış sümbüllərdi, yağış vurub bir qədər də ağırlaşdırır, külək vurub yatırır. Birincisi, su bunun bərkimə prosesini ləngidir, digər tərəfdən sünbülləri yıxır yerə. Bu zaman da kombayn çətinliklə yığım edir, məhsuldarlıq aşağı düşür. Düzdür, yağış kənd təsərrüfatına xeyirlidir, amma uzun müddət olanda kənd təsərrüfatının heç bir sahəsinə xeyir vermir, daha çox zərər verir. Artıq dörd həftədən çoxdur ki, hava normal hala gələ bilmir. Bu da kənd təsərrüfatında məhsuldarlığa ciddi ziyan vurur".
Humay İSGƏNDƏRLİ