"Xalq olaraq çox sevincli günlər yaşayırıq" - Xocalının deputatı
Xəbər verdiyimiz kimi, ötən gün Xocalıya birinci köç baş tutdu. Köç zamanı ölkə Prezidenti İlham Əliyev Xocalı sakinləri ilə görüşüb, evlərinin açarlarını onlara təqdim edib.
Bu gün və dünən baş tutan köçdə ümumillikdə 44 ailənin, yəni 169 nəfərin Xocalıda daimi məskunlaşması təmin edilib.
Qayıdışla bağlı Redaktor.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov dedi ki, xalq olaraq çox sevincli günlər yaşayırıq:
"Cənab prezidentimizin rəhbərliyi ilə Müstəqillik Günü Xocalıya ilk köç baş tutdu və bu gün ikinci köç getdi. Köç davamlı olacaq. Çünki yaşayış üçün kifayət qədər hazır evlər var, həm də infrastruktur və iş yerləri nəzərə alınıb. Təbii ki, hamı sevinir, tək xocalılar yox, bütün Azərbaycan xalqı, türk dünyası buna sevinir. 32 il bundan öncə ermənilərin törətdiyi soyqırımı yaşayan xocalılar bu gün qalib kimi sevinclə, qürur hissi ilə doğma yurd-yuvalarına qayıdırlar".
Millət vəkili deyir ki, köç edənlərin hamısını onun yaxınıdı, qohumudu.
"Xocalı o qədər də böyük bir yer deyil, bir-birinə qohum olmayan heç kim yoxdur. Dünən köçənlərin içərisində ən yaxın qohumum isə böyük baldızımdır. Onun həyat yoldaşı, 16 yaşında oğlu, atası, anası, qardaşları, bacısı, qaynatası, qayınları Xocalı soyqırımında şəhid olublar. Dünən birinci köçdə gedənlərin biri onların ailəsi idi və gələcək köçlərdə də hamımız gedəcəyik", - deyə Elman Məmmədov bildirdi.
Humay İSGƏNDƏRLİ