"COP29-un Azərbaycanda keçirilməsi bütün sahələrin inkişafına təkan verəcək" - Komitə sədri
Bildiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında birgə “yaşıl” kənd təsərrüfatına dəstək verilməsi üçün birgə fəaliyyət planı hazırlanıb.
Qeyd edək ki, bu ilin noyabr ayında ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.
Bəs COP29 çərçivəsində Azərbaycanda yaşıl kənd təsərrüfatı üçün hansı işlər görülməlidir?
Mövzu haqqında Redaktor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev dedi ki, neft sektorunun inkişafında aqrar sahənin mühüm rolu var:
"Sözsüz ki, aqrar sahənin inkişafı da təbiətdən, insanların təbiətə münasibətindən çox asılıdır. Ancaq son dövrdə iqlim dəyişiklikləri, atmosferin korlanması, müharibələr bütün sahələrlə bərabər aqrar sektora da ziyan vurmaqdadır. Ona görə də bu gün bir şüar kimi irəli sürür: Yaşıl dünya, Yaşıl kənd təsərrüfatı, Yaşıl təbiət və s. Bu fikirlərin fonunda da təbiətin sağlamlaşdırılması və bunun fonunda kənd təsərrüfatının inkişafı durur. Son bir ayda çox mühüm 4-5 keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi böyük bir forum keçirdi, bitki sağlamlığı ilə əlaqədar ziyanvericilərin bitkilərə vurduğu ziyanın nəinki Azərbaycan mütəxəssisləri, məmurları dilə gətirdilər, eləcə də xarici ölkələrdən gələn mütəxəssislər çox acınacaqlı fikirlər söylədilər. Onlar qeyd etdi ki, bu gün dünyada istehsal olunan məhsulun 40 faizi itkiyə gedir. Ziyanvericilər bu məhsullara ziyan verirlər, korlanır, xarab olur. Ona görə də müəyyən ərzaq çatışmazlığı meydana gəlir və bununla mübarizə aparmaq lazımdır. Nəinki Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin ikinci forumunda da bu məsələlər dilə gətirildi. Aqrar Universitetində də bunla əlaqədar böyük bir tədbir keçirildi, bitkilərin qorunması haqda aqrar sektorun inkişaf etdirilməsi məsələləri bu tədbirlərin əsas mövzusu oldu. İqlim dəyişikliklərinin aradan qaldırılması məsələsi əsas vəzifə kimi qarşıya qoyulur və bu da COP29-un tələblərindən irəli gələn bir vəzifədir. Əlbəttə ki, bütün bunlar kompleks tədbirlər həyata keçirməyi zərurətə çevirir", - deyə deputat qeyd etdi.
Komitə sədri hesab edir ki, bütün beynəlxalq təşkilatlar, bütün ölkələr bu məsələdə vahid mövqedən çıxış etməlidirlər:
"Çünki bu, dünyanın problemidir. İqlim dəyişikliyi dünyanın problemidir və belə bir mötəbər tədbirin də Bakıda keçirilməsi onun əhəmiyyətini daha da artırır. Dünya bu məsələdən böyük əziyyət çəkir və tədbir də Azərbaycanda keçiriləcək. Bu həm Azərbaycanın beynəlxalq aləmdəki nüfuzudur, həm də dövlətimizin bu məsələyə böyük önəm verməsinin bir nəticəsi kimi qiymətləndirilməlidir. Əlbəttə ki, ölkədə kənd təsərrüfatı son illər xeyli artıb. Elə son illərin nəticəsi göstərir ki, artıq bizim iqtisadiyyatımızla bərabər, onun əsas sahələrindən olan aqrar sektor da inkişaf edib. Son ildə iki faizdən çox artım əldə olunub. Son ildə bütün sahələrdə yaxşı göstəricilər var, ancaq bu kifayətləndirici deyil. Çünki müasir texnologiyanın tətbiqi, yeni suvarma metodlarının həyata keçirilməsi, kənd təsərrüfatına münasibətlərin dəyişdirilməsi gələcəkdə daha yüksək və keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal etməyə imkan verir. Cənab Prezident də son çıxışlarında qeyd edir ki, qeyri-neft sektorunun inkişafında aqrar sektor mühüm əhəmiyyət daşıyır və onun inkişafı çox vacibdir. İşğaldan azad olunmuş ərazilərin bərpasından, orada təhlükəsizliyin təmin edilməsindən çox şey gözləyirik. Çünki o torpaqlar həm məhsuldarlığa görə, həm keyfiyyətə görə, həm təbii şəraitinə görə yüksək kənd təsərrüfatı məhsulları istehsal etməyə imkan verən regionlardır. Uğurlu hesab etmək olar ki, keçən il minalardan təmizlənmiş 100 min hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə daxil olub və orada göstərilən həcmdə kənd təsərrüfatı məhsulları yetişdirilir. Taxıl, noxud, qarğıdalı və digər məhsullar. Ümidvericidir ki, artıq insanlar evlərinə qayıdırlar və həmin regionların bərpası gələcəkdə kənd təsərrüfatı məhsullarına təsir edəcək".
Tahir Rzayevin fikrincə, COP29-un Azərbaycanda keçirilməsi bütün sahələrin inkişafına lazımi təkan verəcək.
"Bu, Azərbaycanın beynəlxalq aləmdə bir daha yüksək nüfuza malik olmasının göstəricisidir. Eyni zamanda bizə gələcək üçün hansı tədbirlərin həyata keçirməyin yollarını aydın göstərir. Digər tərəfdən, burada çox yüksək səviyyəli mötəbər qonaqlar, ölkələrin prezidentləri, baş nazirləri, eləcə də ictimai siyasi xadimlər, bu sahə ilə bilavasitə məşğul olan insanlar iştirak edəcəklər. Onların bir neçə günlük məruzələri, mülahizələri, təklifləri dinləniləcək və bu gələcək perspektiv üçün çox vacibdir. Nəinki aqrar sektor üçün, bütün sahələr üçün iqlimin, təbiətin sağlamlaşdırılması əhəmiyyətlidir",- deyə millət vəkili vurğuladı.
Humay İSGƏNDƏRLİ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.