"MTK-lar binaya kortəbii xidmət göstərir, sonra da binanı MMMC-lərə verir, çıxıb gedir" - Ekspertdən ETİRAZ

 17:08 30.05.2024     1155

Azərbaycanda son illərdə yeni tikilən çoxmənzilli binaların idarə edilməsi üçün sakinlər tərəfindən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmağa başlayıb. 

Bəs MMMC necə yaradılır, onun bina sakinləri üçün əhəmiyyəti nədir? MMMC-lər özünü doğruldurmu? 

Əmlak məsələləri eksperti Ramil Osmanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, MMMC-nin yaradılması üçün sahə mülkiyyətçilərinin ümumi yığıncağı çağırılır, və yığıncaqda MMMC-nin rəhbəri, onun idarəedici strukturu müəyyən olunur:

"Bununla bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim olunur. MMMC təsis olunması üçün ümumi sahə üzrə 50+1 faiz səs lazımdır. Yəni binada yerləşən ümumi sahənin 50+1 faizi varsa, artıq burada yaranma üçün heç bir hüquqi əngəl qalmır. Ədliyyə Nazirliyi də bunu qeydə alandan sonra MMMC fəaliyyət göstərməyə başlayır. MMMC-nin fəaliyyəti də çox sadədir. MMMC mülkiyyətçilərlə ikitərəfli müqavilələr bağlayır, həmin müqavilələrə uyğun olaraq idarəetmə işini həyata keçirir. Hər ay yığılmış vəsaitin xərclənməsi ilə bağlı mülkiyyətçilərə hesabat verir, eyni zamanda ümumi binanın istifadəsi üçün nəzərdə tutulmuş kommunal xərcləri ödəyir, işçilərin əməkhaqqını ödəyir, iki nəfərdən çox şəxsə xidmət üçün nəzərdə tutulan qurğu və avadanlıqların saxlanmasını həyata keçirir, onların cari əsaslı təmirini, dəyişdirilməsini, yenidən qurulmasını həyata keçirir".

Ekspert təəssüflə qeyd etdi ki, bir çox hallarda MMMC-lər mənzil tikinti kooperativlərindən (MTK) artıq yorulmuş binaları təhvil götürürlər.

"Yorulmuş binalar nə deməkdir? Hər bina mənzil tikinti kooperativi tərəfindən idarə olunur, faktiki olaraq binaya MTK kortəbii xidmət göstərir, əlavə xərc qoymur, qurğu və avadanlıqlar sıradan çıxır, istismar tələblərinə cavab verməyən həddə gəlir. Bu halda MTK binanı sahə mülkiyyətçilərinin ixtiyarına qoyur, çıxır gedir. Belə olan halda da təbii ki, sahə mülkiyyətçiləri üçün əlavə problem yaranır. O binalarda MMMC-lərin idarəetməsi uğursuz alınır ki, ya o binalarda sahə mülkiyyətçilərinin, yəni kommunal xidmət haqqı ödəyən sakinlərin sayı həddən artıq azdır. Yaxud bina istismara artıq yararsız həddə qədər köhnəlibdir, fiziki aşınmaya məruz qalıbdır, yığılan vəsait binanın saxlanma xərclərini qarşılamır. Amma əgər sahə mülkiyyətçilərinin sayı kifayət qədərdirsə, kommunal xərclərin yığılmasında problem yoxdursa, bina istismara yeni təhvil verilibsə, seçilmiş şəxslər öz ciblərini deyil, binanın saxlanmasını nəzərdə tutursa, o halda heç bir problem yoxdur", - deyə Ramil Osmanlı bildirdi.

Humay İSGƏNDƏRLİ