“Su kanallarını kəmər yolu ilə əvəz etmək daha qənaətcildir" - Ekspertdən TƏKLİF
“Əgər səmərəli suvarma sistemləri olsa, həm əkin sahələrini genişləndirmək, həm də məhsuldarlığını artırmaq mümkündür“.
Bu fikirləri Redaktor.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Azərbaycanda suvarma səmərəliliyində mövcud vəziyyəti dəyərləndirərkən bildirdi.
Onun sözlərinə görə, Azərbaycanda təxminən 2 milyon hektara yaxın yararlı torpaq sahəsi var:
"Bunun təxminən 600 min hektarını suvarıla bilən torpaqlar təşkil edir. Lakin hazırda bu sahənin 400 min hektarı suvarılır. Bu ərazilərin də heç də hamısı tam olaraq suvarıla bilmir. Elə sahələr var ki, ikinci dəfə suvarmaq üçün su kifayət etmir. Ən yaxşı halda isə təxminən 300 min hektara yaxın ərazi tam şəkildə suvarıla bilir. Nəticədə əkinə yararlı ərazilər suvarılma problemilə üzləşir və dəyəri azalır".
A.Nəsirli qeyd etdi ki, ölkə ərazisində demək olar ki, suvarılmayan yüz min hektarlarla ərazi mövcuddur. Dediyinə görə, bu ərazilərin də böyük əksəriyyətini vətəndaşlara məxsus pay torpağı təşkil edir:
"Başlıca səbəb isə səmərəli suvarma sisteminin olmamasıdır. Əgər səmərəli suvarma sistemləri olsa, həm əkin sahələrini genişləndirmək, həm də məhsuldarlığını artırmaq mümkündür. Eləcə də ölkədə suvarma sistemi düzgün idarə edilmir. Meliorasiya və Su Təsərrüfatı ASC və Ekologiya Nazirliyi bununla bağlı yetərli addımlar atmır. Suvarma kanallarının böyük əksəriyyəti torpaq kanallarıdır. Əgər bu kanallarda beton örtüklər quraşdırılsa, burada da su itkisinin qarşısını ala bilərik".
Ekspertin fikricə, aparıcı su kanallarını kəmər yolu ilə əvəz etmək daha qənaətcil üsuldur.
"Düzdür, bu, xərc tələb edən yöntəm olsa da, mənbədən mənsəbə kimi su itkisinin qarşısı alınır. Bu zaman relyef amili də aradan qalxır və istənilən relyefdə suyun ötürülməsi mümkün olur. Əgər bu layihə reallaşarsa, o zaman suvarılan ərazilərin sahəsi 1 milyon 500 min hektara çatar”, - deyə A.Nəsirli bildirdi.
Yusif SƏMƏDZADƏ