"Təcili yardım sistemi kifayət qədər yüklənmiş formada çalışır" - Deputat

 17:41 31.05.2024     1512

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclasında çıxış edən deputat Zahid Oruc ölkədə ambulans çatışmazlığı və tibbi yardımın gecikməsi, uzadılması probleminə diqqət çəkib.

Millət vəkili deyib ki, Bakıda 139 ambulans fəaliyyət göstərir. Onun sözlərinə görə, paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə 1 ambulans düşür. "Onlar da yollardakı tıxaclardan hərəkət edə bilmir. Bakıda qeyri-rəsmi olaraq, yaşayanları da əlavə etsək, vəziyyəti təsəvvürə gətirmək çətin deyil. Xatırladaq ki, əhalisi 1.2 milyin nəfər olan Tbilisidə təcili yardım maşınlarının sayı 200-yə yaxındır", - deyə Zahid Oruc bildirib.

Mövzu haqqında Redaktor.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli söylədi ki, Abşeron yarımdasında əhalinin sayınnın artım tempi kifayət qədər yüksəkdir.

"Biz bir neçə il öncəki statistika ilə müqayisə etdikdə artımı müşahidə edə bilərik. Əhaliyə göstərilən müxtəlif xidmətlərin üzərinə düşən yük artıb. Təcili yardım sistemi hazırda həm çağırışların sayına görə, həm də iş yükünə görə kifayət qədər yüklənmiş formada çalışır. Bir neçə dəfə müvafiq tibb orqanları tərəfindən ambulansların alınması həyata keçirilib. Təbii ki, ambulansların sayının artırılması hələ də gündəmdədir. Bu istiqamətdə prorsesin təşkili üçün TƏBİB-in Müşahidə Şurasının müvafiq qərarı ilə “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” yaradıldı. Digər tibb mərkəzlərinin tərkibində olan təcili yardım xidmətləri bir müəssisənin rəhbərliyi altında birləşdirildi. Bu həm sistemin vahid idarə olunmasını, həm səmərəli istifadə olunmasını, həm də xidmətin daha yüksək səviyyədə təşkil olunmasına gətirib çıxarcaq. Çünki ölkə üzrə təcili tibbi yardım xidməti vahid mərkəzdən idarə olunmağa başlayıb. Bu, nəqliyyat vasitələrindən səmərəliliyə gətirib çıxaracaq və bölgələr üzrə təcili yardıma olan ehtiyac statistik məlumatlar nəticəsində analiz olunduqdan sonra həm idarəolunmanın effektivliyi baxımından, həm də iş yükü baxımından bölgələr üzrə daha doğru planlaşdırma mümkün olacaq. Düşünürəm ki, yaxın zamanda xidmətin keyfiyyətinin daha da yüksəlməsinin şahidi olacağıq", - deyə deputat bildirdi.

M.Məmmədli təcili tibbi yardımda kadr potensialının da səmərəli istifadəsini gözlədiyini qeyd etdi:

"Çünki idarəetmənin bu formada təşkili daha effektiv nəticələrə gətirib çıxaracaq".

Humay İSGƏNDƏRLİ