Konstitusiya Məhkəməsindən 18 yaşı tamam olmamış şəxslərlə bağlı QƏRAR

 12:01 05.06.2024     501

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclasda Baş Prokurorluğun sorğusu əsasında Konstitusiyanın 17-ci maddəsinin IV və VI hissələri baxımından Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Cinayət Məcəlləsinin 170-ci maddəsində əks olunan “yetkinlik yaşına çatmayan” ifadəsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından asılı olmayaraq, 18 yaşına çatmayan hər bir şəxsi ehtiva edir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Qeyd edək ki, bu qərarla Azərbaycanda 18 yaşı tamam olmamış şəxsin cinayət əməlinə cəlb olunmasına görə məsuliyyətlərin çərçivəsi dəqiqləşib.