Birinci Qarabağ müharibəsinin şəhidi Şirvanda dəfn olundu
Birinci Qarabağ müharibəsinin şəhidi Şirvanda dəfn olunub.
Azərbaycan xalqının şanlı qələbə qazandığı Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən yenidənqurma və abadlıq işləri zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan hərbçilərinin nəşləri aşkarlanır.
Redaktor.az xəbər verir ki, aparılmış araşdırmalar zamanı 30 ildir itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Çıraqov Elman Almaz oğlunun nəşi Şirvan şəhərinə gətirilib. O, Tərtər şəhər Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Şəhidin nəşi bu gün doğulduğu Şirvan şəhərində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.
Vida mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, şəhid Çıraqov Elman Almaz oğlu 24.09.1971-ci ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1992-ci ildə cəbhə xəttinə yola düşmüşdür. Tərtər Könüllü Batalyonunun tərkibində aparılan döyüş əməliyyatlarında iştirak edən Elman Çıraqov 21.08.1994-cü ildə ildə Füzuli rayonu ərazisində gedən döyüş əməliyyatlarında itkin düşmüşdür. 1999-cu ildə Əli Bayramlı şəhər Xalq Məhkəməsinin qərarı ilə ona şəhidlik statusu verilib.