Ağalar Vəliyev 4 rayonun Ağsaqqallar Şuralarının hesabat konfranslarında iştirak etdi - FOTO
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Ucar, Yevlax, Bərdə və Tərtər rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfranslarında iştirak edib. Konfranslardan öncə millət vəkili, rayonların rəhbərləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidələrini ziyarət ediblər və abidələrin önünə tər gül dəstələri qoyublar.
Redaktor.az xəbər verir ki, hesabat konfranslarında çıxış edən Milli Məclisin üzvü Ağalar Vəliyev, adı çəkilən rayonların İcra hakimiyyətlərinin başçıları və digər natiqlər qeyd ediblər ki, Azərbaycana rəhbərliyinin bütün dönəmlərində Ulu Öndər ağsaqqallara böyük ehtiramla yanaşıb. Məhz onun hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallığı təmin edilib.
Ağsaqqallar Şuralarının bu günkü fəaliyyətinin, o cümlədən Ucar, Yevlax, Bərdə və Tərtər rayonları da daxil olmaqla bölgələrimizdə mütəşəkkil qaydada təşkil olunan hesabat konfranslarının Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu və möhtərəm Prezidentimiz cənab İlam Əliyevin qloballaşan dünyamızın müasir çağırışlarına uyğun layiqincə davam etdirdiyi dövlət siyasətinin sayəsində müstəqillik tariximizin ən qüdrətli dövrünə təsadüf etdiyi bildirilib.
Toplantılarda Müzzəfər Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə etdiyimiz Şanlı Zəfərimizdən sonra Cənubi Qafqaz reqionunda yeni reallıqlarlar yaradan Azərbaycanın “Böyük Qayıdış” proqramını uğurla reallaşdıraraq daha böyük hədəflərə doğru inamla irəlilədiyi xüsusi olaraq vurğulanıb.
Ağsaqqallar Şuraları olaraq bu gün qarşıda duran ən ümdə vəzifələrin dövlət başçısının ətrafında sıx birləşərək onun uğurlu daxili və xarici siyasətinin dəstəklənməsinə və təbliğinə, xalqımızın milli-mənəvi dəyərlərini, habelə müasir inkişaf meyillərini nəzərə alaraq ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyətimizin aktual məsələlərinin həllinə layiqli töhfələr verməkdən ibarət olduğu qeyd olunub.
Hesabat konfranslarının iştirakçıları Azərbaycanda ağsaqqallara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.