“Xalq-ordu birliyi təhlükəsizliyimizin qarantı, uğurlarımızın təminatçısıdır”

 22:24 06.06.2024     303

Cəlil Xəlilov: “Hər bir Azərbaycan vətəndaşı bu birliyi qorumaq və gücləndirmək üçün əlindən gələni etməlidir”

“Xalq-ordu birliyi təhlükəsizliyimizin qarantı, uğurlarımızın təminatçısıdır”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkiltının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində daim güclənən bu birlik, günümüzdə ön yüksək zirvədə qərarlaşıb:

“Bu gün ölkəmizdə xalqla ordu arasındakı birliyin yüksək səviyyədə olduğu hər kəsə məlumdur. 44 günlük Vətən müharibəsi bu birliyin dünya miqyasında təcəssümü oldu. Dünya bu 44 gün ərzində şahid oldu ki, Azərbaycan vətəndaşı öz əsgərinin, öz zabitinin yanındadır və hər zaman da yanında olacaq. Təbii ki, biz bu birliyə görə hər şeydən öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun uzaqgörən siyasətinə borcluyuq”.

Polkovnik Cəlil Xəlilov bu birliyin hər zaman qorunub saxlanılmasının həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Xalq-ordu birliyinin qorunub saxlanılması həm bu günümüz, həm də gələcəyimiz baxımından son dərəcə vacibdir. Bu birliyi qorumaq üçün hər bir Azərbaycan vətəndaşı səy göstərməli, əmək sərf etməlidir. Məlumat üçün qeyd edək ki, dünən biz Beynəlxalq Muğam Mərkəzində “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfrans keçirdik. Konfransda ordu nümayəndələri ilə yanaşı, gənclər və veteranlar, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirdi. Bu konfrans, orada səslənən fikirlər, edilən çıxışlar bir daha sübut etdi ki, bu gün ölkəmizdə xalq-ordu birliyi həqiqətən də qürurverici səviyyədədir.

Mən konfransda iştirak edən hər kəsə - Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyevə, Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqova, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədova, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyevə, gənclərimizə və veteranlarımıza öz təşəkkürümü bildirirəm. İnanıram ki, biz gələcəkdə də bu birliyi qoruyub saxlayacaq, onun daim möhkəmlənməsi üçün bütün imkanlardan istifadə edəcəyik”.