Xəzərin səviyyəsi ilə bağlı MÜƏMMA - Ekoloqlar AÇIQLADI

 15:24 07.06.2024     864

Xəzər dənizində suyun səviyyəsinin azalması prosesi alimlər tərəfindən narahatlıqla qarşılanır.

Bu günlərdə AMEA-nın müxbir üzvü Rauf Qardaşov bu gün Coğrafiya İnstitutunda keçirilən “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib ki, 2050-ci ilədək Xəzərdə suyun səviyyəsinin "-24" və "-36" metr arasında dəyişəcəyi təxmin edilir.

Bəs Xəzər dənizində suyun səviyyəsinin sürətlə azalması gələcəkdə hansı problemlərə yol aça bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açqlamasında ekoloq Ənvər Əliyev bildirdi ki, 90-cı illərdən üzü bəri Xəzər dənizinin ümumi səviyyəsi 28 metr aşağı düşüb. Onun sözlərinə görə, bu problem nəticəsində sahilə yaxın ərazilərdə boşluqlar yaranır:

“Xəzərin flora və faunasına ciddi zərər dəyir. Xəzər dənizinin enib-qalxması isə özünün təbii xüsusiyyətidir. Bu proseslər tarix boyu davamlı olaraq baş verir. Buna oxşar səviyyə dəyişmələri ötən əsrin 70-ci illərdə də yaşansa da, yenidən əvvəlki vəziyyətinə geri döndü. Suyun səviyyəsi aşağı düşəndə biokütləvi mühitə hansı təsirləri edirsə, eyni qayda olaraq suyun səviyyəsi artdığı zaman eyni cür problemlər yaşanır. 

Heç kim dəqiq deyə bilməz ki, bu enib-qalxma prosesi nə zamana qədər davam edəcək. Bu, hələlik müəmmalı bir məsələdir. Son zamanlar yağıntıların miqdarı nisbətən çoxalıb. Bu gölün ərazisi təxminən 4 milyon kvadrat kilometr əraziyə malikdir. Burada yağıntıların azlığı da, çoxluğu da sözsüz ki, təsir edə bilir. İqlimşünaslara görə, əsas amil yağıntıların miqdarından aslıdır. Geoloqlara görə, bu, daha çox Xəzərin tektonik ərazidə yerləşməsiylə əlaqəlidir. Hazırda Xəzərin səviyyəsi enməyə doğru getsə də, ola bilsin ki, üzümüzə gələn növbəti illərdə suyun miqdarı arta bilər. Bu proses dəyişkən xarakter daşıyır”.

Ekoloq Rövşən Abbasov isə bildirdi ki, Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün su səviyyəsinin dəyişməsi müntəzəm olaraq baş verir:

“Bunun əksinə olaraq, 1995-ci ildə su səviyyəsinin kəskin artmasının şahid olduq. Hətta bu artım Ələt-Astara dəmir yolunu sıradan çıxarmışdı.

Doğrudur, son illər iqlim dəyişikliyinin təsiri ilə dənizin suyu da azalır. Lakin düşünürəm ki, yağıntıların bu il çoxluğu çaylarda bolluğa səbəb oldu. Ola bilsin ki, bu da hardasa daha uzun müddətli dövrü əhatə etsin və əvvəlki səviyyə yenidən bərpa olunsun". 

O əlavə etdi ki, Xəzərin səviyyəsinin azalması sahil infranstrukturuna çox ciddi ziyan vurur.

"Gəmilərin hərəkəti, onların sahilə yan alması xeyli çətinləşir. Eyni zamanda su ekosisteminə təsirsiz ötüşmür”, - deyə R.Abbasov bildirdi.

Ekoloq Fikrət Cəfərov isə bildirdi ki, Xəzərin suyunun azalması prosesi əslində təbii xarakterlidir. Dediyinə görə, 1977-ci ildə Xəzərin səviyyəsi mənfi 1900 metr səviyyəsində idi.

"Bu göstəricidən sonra suyun səviyyəsi artmağa başladı. Hazırkı vəziyyətin formalaşmasında iqlim dəyişkənliyinin də qatqısı mövcuddur. Ölkədə qeydə alınan yüksək temperatur Xəzərdə buxarlanmanı sürətləndirir. Beləliklə də, nəticə etibarilə dənizin səviyyəsi aşağı düşmüş olur. 

Vəziyyətin qəlizliyinə nəzər yetirsək, görərik ki, bunun qarşısını almaq çox çətin məsələdir. Hətta demək olar ki, mümkün deyil. Xəzərin səviyyəsi aşağı düşdükcə sahil ölkələri bundan ziyan görəcək. İlk növbədə ölkədə suyun səviyyəsi azaldıqca dəniz limanlarını rekonstruksiya etmək lazımdır. Digər tərəfdən Qızılağac Milli Parkının quruma riski yaranmış olur. Bu da eyni zamanda ətrafda yerləşən qoruqlara da böyük ziyanlar gətirmiş olacaq”, - deyə ekspert qeyd etdi.

Yusif SƏMƏDZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

2