AZAL bu sərnişinlərə müraciət etdi - FOTO

 13:24 10.06.2024     248

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) yay aylarında sərnişinlərə Bakı ilə Naxçıvan arasında səyahət üçün aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.

Redaktor.az-ın AZAL-a istinadən verdiyi məlumata görə, yay mövsümündə aviadaşımalara, xüsusən də Naxçıvan istiqamətində olan uçuşlara tələbat artımı müşahidə olunur. Bununla əlaqədar olaraq AZAL sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.

Hazırda bu marşrut üzrə hər gün 9 reys həyata keçirilir. Zərurət yaranarsa, aviaşirkət bu istiqamət üzrə uçuşların sayını artırmağa hazırdır. Beləliklə, AZAL Bakı ilə Naxçıvan arasında sərnişinlərin reyslərə olan tələbatını tam ödəməyə çalışır.

Bundan əlavə, aviaşirkət müəyyən şəraitə görə (sağlamlıq vəziyyəti, hüzr mərasimi) təcili olaraq Naxçıvana yola düşən sərnişinlərə qarşı həmişə çevik olmağa çalışır və onlara aviabiletlərin alınmasında operativ şəkildə kömək edir.

Qeyd edək ki, mülki aviasiyanın işi müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlamalar və digər məsələlər daxildir.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür. Biletlərin alınması haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimatla bu linkdən tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.

Respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir. 18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat güzəşt tətbiq edilir. Yalnız bu kateqoriyadan olan sərnişinlər aviabiletləri aviaşirkətin Bakı və Naxçıvan hava limanlarındakı rəsmi kassalarında əldə edə bilərlər. Həmin sərnişinlər biletləri alarkən müvafiq sənədləri təqdim etməlidirlər.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.