Azyaşlı çipsdən zəhərlənib? - Eyyub Hüseynovdan AQTA-ya İTTİHAM

 18:25 10.06.2024     535

Xəbər verdiyimiz kimi, Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 4 yaşlı Turqut Cavadzadənin çips məhsulundan zəhərlənib ölməsi barədə məlumat yayılıb.

Qeyd edək ki, zaman-zaman ölkəmizdə bəzi qida məhsullarının tərkibi, keyfiyyəti və istifadə müddəti ilə bağlı problemlər ortaya çıxır. Hətta bütün bunlar insanların sağlamlığına zərər vurur. 

Bəs görəsən, bu cür hallara nəzarət mexanizmi nə dərəcədə düzgün həyata keçirilir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bir azdan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlamasında bildirəcək ki, azyaşlının zəhərlənməsi çips ilə əlaqəli deyil:

"Səbəbi ondan ibarətdir ki, ölkəyə daxil olan bütün mallara AQTA sertifikat verir. Buna görə də, Azərbaycan həkimi uşağın çipsdən zəhərlənməsini deyə bilməz. Azərbaycan həkimi qorxusundan dövlət orqanının verdiyi sənədi təkzib edə bilməz. Biz görürük ki, məhsulların təhlükəsizliyinə eyni bir orqan - Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. 

Burada maraqlar konflkti var. Tutaq ki, sözügedən qurum azyaşlının həqiqətən çipsdən zəhərləndiyini söylədi. O zaman həmin məhsulu ölkəyə gətirən şirkət AQTA-nın verdiyi sənədi masanın üzərinə qoyar və sertifikatın bu qurum tərəfindən verildiyi üzə çıxar. AQTA-nın əlində çoxlu funksiyalar birləşir. Ona görə də maraqlar konflikti yaranır".

Ekspertin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ölkəmizin tərtib etdiyi zəhərlənmələrə dair statistikasını müqayisə etsək, fərqli mənzərə ilə qarşılaşarıq.

“Belə ki, ÜST-dəki zəhərlənmə göstəriciləri yerli statistikadan 700 dəfə çoxdur. Çünki təhlükəsizlik və zəhərlənmələr məsələsinə nəzarəti eyni bir orqan həyata keçirir. Bu iki funksiyanı icra edən qurumlar ayrı-ayrılıqda fəaliyyətdə olmalıdır ki, bir-birinə opponentlik edə bilsinlər. 

Oxşar vəziyyət bu yaxınlarda Zaqatalada dönərdən zəhərlənmə faktında da yaşandı. AQTA bunu da inkar edərək zəhərlənmənin dönərlə bağlı olmadığını bildirdi. Məsələni dərindən araşdırsaq məlum olar ki, bura da təhlükəsizliklə bağlı sertifikat verilib. Bütün bu göstəricilər Azərbaycan vətəndaşının orta ömür uzunluğunun 190 ölkə arasında 115-ci yerdə qərar tutmasına gətirib çıxarır", - deyə Eyyub Hüseynov AQTA ilə bağlı təklifini də verdi:

"Bu qurumun işləmə mexanizmi dəyişdirilməlidir. Cəld şəkildə tədbirlər görə bilməlidir. Lazım gələrsə, məhsulların geri çağırılmasını da həyata keçirilməlidir”.

Qeyd edək ki, bir qədər əvvəl AQTA və TƏBİB azyaşlının ölümü ilə bağlı birgə məlumat yayaraq, onun vəfatının çips ilə bağlı olmadığını bildiriblər.

Yusif SƏMƏDZADƏ