İldırım zamanı bunlara mütləq əməl edin! - Ekspertdən XƏBƏRDARLIQ
Son vaxtlar tez-tez ildırım vurma halları ilə qarşılaşırıq ki, bu da təhlükəli təbiət hadisələrindən biridir. Lakin bir çoxlarımız bu təbiət hadisəsindən necə qorunmalı olduğumuzu yetəri qədər bilmirik. Bu zaman bədən xəsarətləri alır, hətta ölüm riski ilə də üz-üzə qalmış oluruq.
Bəs bu risklərdən özümüzü necə qorumalıyıq? Təhlükə anında hansı qaydalara riayət etməliyik?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, bu hadisədən qorunmaq üçün insanlar ilkin təhlükəsizlik tədbirlərinə diqqət etməlidir:
“Təbiət hadisələri içərisində insanların həyat və sağlamlığı üçün kifayət qədər təhlükəli olan hadisələrdən biri də ildırım vurmasıdır. İldırım çaxan zaman açıq havadasızsa, mütləq qapalı məkana daxil olmalısız. Əgər ətrafda qapalı bir məkan yoxdursa, nisbətən çökək bir yerdə daldalanıb təhlükənin sovuşmağını gözləmək lazımdır.
Əgər üzərinizdə hər hansısa mobil və ya radio cihazlar varsa, mütləq söndürmək lazımdır. Həmçinin elektrik şitlərindən, elektrik naqillərindən uzaq durmaq lazımdır. Ağacların ətrafında daldalanmaq isə təhlükəsizlik baxımından yolverilməzdir. Ən azı ağaclardan ağacın hündürlüyü qədər uzaq durmaq lazımdır”.
Ekspert həmçinin qeyd etdi ki, ildırım zamanı insanlar evdədirlərsə, qapı və pəncərələri bağlı saxlamaq gərəklidir.
"Pəncərənin yaxınlığında dayanmaq təhlükə deməkdir. Əlbəttə ki, azyaşlı uşaqları da nəzarətsiz buraxmaq olmaz. Elektrik cihazlarını da cərəyandan ayırmaq əsas məsələlərdən biridir. Həmçinin ildırım çaxan zaman elektrik cihazları ilə yanaşı qaz cihazlarına da nəzər yetirmək yaxşı olar. Qapalı məkanda olsaz belə, mobil telefondan istifadə etmək riskli hesab olunur. Əgər nəqliyyat vasitəsindəsizsə, onu açıq havada saxlamaq lazımdır”, - deyə Elmar Nurəliyev bildirdi.
Yusif SƏMƏDZADƏ