Qurban bayramında niyyət qurbanı da kəsmək olar? - Hacı Fuad AÇIQLADI

 14:42 11.06.2024     706

İslam aləmi qarşıdan gələn müqəddəs Qurban bayramına hazırlaşır. Hazırlıqların getdiyi bir vaxtda müsəlmanları bəzi suallar maraqlandırır.

Bəs görəsən, bayram günü kəsilən qurban ilə yanaşı niyyət qurbanı da kəsmək düzgündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Hacı Fuad Nurullayev bildirdi ki, əgər müsəlman hansısa işinə görə qurban əhd edirsə, artıq bu vacib sayılır. Niyyəti qəbul olarsa, qurban mütləq kəsilməlidir.

“Bayramı günü kəsilən qurbana “İsmayıl qurbanı” deyilir. Bu qurban maddi durumu normal olan insanlar üçün gözəl addımdır. Əgər maddi baxımdan vəziyyət əlverişlidirsə, “İsmayıl qurbanı” kəsiləndən sonra niyyət qurbanı kəsmək olar. Amma tövsiyə edirik ki, mümkün qədər, niyyət qurbanını bayram qurbanı ilə eyni günə salmasınlar. Bayram günü kəsilən qurbanlar ehtiyacı olan insanlara verilir və onların maddi durumu yada salınır. Lakin niyyət qurbanını başqa vaxta salsalar, bu daha yaxşı olar. Çünki digər günlərdə də ehtiyaclı insanları düşünmək lazımdır", - deyə Hacı Fuad qeyd etdi.

Yusif SƏMƏDZADƏ