Jurnalistlər “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən təlimdə iştirak ediblər

 16:30 12.06.2024     651

“İnsan hüquqları aylığı” çərçivəsində media subyektlərinin nümayəndələri Hüquq və İnsan Haqları İnstitutunun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi insan hüquq və azadlıqlarının qorunması mövzusunda keçirilən təlimlərə qatılıb.

Redaktor.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd mediada paylaşılan xəbərlərdə insan hüquqlarının pozulması hallarının qarşısını almaq, gender və hüquq bərabərliyi üzərində qurulmuş mənəvi dəyərləri təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörməti və insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkmək, həmçinin jurnalistlərdə peşəkar yanaşma keyfiyyətlərini təşviq etməkdən ibarətdir.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev insan hüquqlarının müdafiəsi sahəsində təşkil edilən silsilə maarifləndirici təlimlərdən söz açaraq bildirib ki, İnstitut təkcə dövlət qurumlarının əməkdaşları üçün deyil, həm də bu istiqamətdə davamlı olaraq geniş ictimaiyyət üçün təbliğat və təşviqat tədbirləri həyata keçirir. Sədr müavini Agentlik ilə səmərəli əməkdaşlıq nəticəsində jurnalistlərlə növbəti dəfə bir araya gəldiklərini də diqqətə çatdırıb.

Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova tədbirin İnsan hüquqları günü ərəfəsində keçirilməsinə diqqət çəkərək media məhsullarının hazırlanması zamanı insan hüquq və azadlıqlarına əməl edilməsinin müstəsna əhəmiyyət daşıdığını, həm “Media haqqında” Azərbaycan Respublikası Qanununun, həm də Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının bu məsələyə münasibətdə birmənalı və həssas yanaşma sərgilədiyini bildirib, habelə Agentlik tərəfindən müvafiq istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

İnstitutun təlimçi-ekspertləri Jurnalistlərin Etik Davranış Qaydalarının prinsipləri, BMT-nin Uşaq Hüquqları və Avropa İnsan Hüquqları konvensiyalarının müddəaları, mediada və sosial şəbəkələrdə insanlar arasında ayrı-seçkiliyi təbliğ edən və nifrət nitqinin yaranmasına səbəb olacaq xəbərlərin paylaşılmasının qarşısının alınması mövzusunda əhatəli təqdimatlarla çıxış ediblər.
Müzakirələr zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb, kazuslarla bağlı maraqlı təkliflər səsləndirilib və təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu 18 may-18 iyun “İnsan hüquqları aylığı” çərçivəsində Medianın İnkişafı Agentliyi ilə birgə insan hüquqları mövzusunda jurnalistlər üçün maarifləndirmə yönümlü ictimai çağırış kampaniyasına start verib. Kampaniyanın sosial media üçün nəzərdə tutulmuş ilk posterində nifrət nitqi ilə bağlı ictimai çağırış yer alıb.

222222