"Qan qohumlarının nikahına qadağa qoymaq insanın seçim hüququnun məhdudlaşdırılmasıdır" - Hüquqşünas
Xəbər verdiyimiz kimi, Azərbaycanda qan qohumlarının nikahının qadağan edilməsi ilə bağlı Ailə Məcəlləsinə dəyişiklik gözlənilir.
Qeyd edək ki, bu məsələ hamı tərəfindən birmənalı qarşılanmır. Belə ki, bir çoxları hesab edir ki, qan qohumlarının nikahına qadağa qoymaq insan hüquqlarının pozulmasıdır. Hətta belə fikir də səslənir ki, qohum evliliklərini qadağan etmək beynəlxalq səviyyədə problemlər yaradar.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirdi ki, yaxın qohumların evliliyi ilə bağlı olan məsələlər uzun müddətdir ki, müzakirə olunur. Onun sözlərinə görə, burada bir neçə nüansın toqquşması baş verir:
“İlk öncə insanın seçim imkanına təsir edir ki, bu da hüququn məhdudlaşdırılması məsələsinə gətirib çıxarır. İkinci bir məqam isə sağlamlığa təhdid məsələsinin aktuallaşmasıdır. Bəzi ölkələrdə isə kilsə qərarı və qanunvericilikdə olan məhdudiyyətlər bu məsələni formalaşdırır. Düşünürəm ki, bu məsələlər arasında tarazlığın qorunub saxlanması önəmlidir. Ən əsas məqam qohumların hansı çərçivədə olmasını müəyyən etməkdir. Cəmiyyətə tibbi baxımdan da nəticələr təqdim olunmalıdır ki, insanlar bundan ətraflı şəkildə xəbərdar olsun.
Əlbəttə ki, burada könüllülük prinsipi nəzərə alınmalıdır ki, tərəflər bunlara rəğmən evlənmək istəyirsə, istisna hal sayılmalıdır. Yəni sərbəst iradə ifadəsinin təzahürünə imkan yaradılmalıdır.
Qanun onsuz da məcburi nikahı tələb edir və yetkinlik yaşına çatmayan şəxslərin nikahı qanunla qadağan edilir. İstisna hallarda müvafiq icra hakimiyyəti bu yaşın azaldılmasına bir il icazə verə bilər. Əgər yeni bir norma gətirilirsə, sual yaranır ki, burada məqsəd nədir, nəyin qarşısı alınacaq?"
Əliməmməd Nuriyev həmçinin qeyd etdi ki, yetkinlik yaşına çatmayan şəxslər arasında kəbin məsələsi də müzakirələr yaradır:
“Axı Azərbaycanda din dövlətdən ayrıdır, dini nikah dövlət tərəfindən tanınmır. Yetkinlik yaşına çatmayan şəxslərin dini nikahını kəsən mollaların məsuliyyətə cəlb edilməsi də anlaşılan deyil. Məsələ elə qoyulmalıdır ki, ilk olaraq insanın hüquq və azadlıqlarının məhdudlaşdırılması hadisəsi baş verməsin. Necə deyərlər, qaş düzəldən yerdə vurub gözünü çıxarmamalıyıq. Hüququ ailə münasibətlərinə o qədər daxil etməyə çalışırıq ki, sonda tamam başqa situasiya ilə rastlaşmış olacağıq. Hüquq ilə ailə münasibətlərinə bu qədər müdaxilə edilməməlidir. Əlbəttə ki, birmənalı olaraq yaxın qohumlar arasında nikahın əleyhinəyəm və uşaq evliliyini rədd edirəm. Bunun həm sosial, həm tibbi, həm də mənəvi fəsadları mövcuddur. Lakin bütövlükdə hər şeyi qanuniləşdirmək və məcəlləyə daxil etdikdə bunun yaxşı nəticələrini gözləmirəm və təkliflərin bir neçəsini rasional hesab edirəm”, - deyə hüquqşünas bildirdi.
Yusif SƏMƏDZADƏ