"Parklanma qiymətlərinə yenidən baxılmalıdır" - Fərhad Eyyubov

 19:22 12.06.2024     641

Paytaxtda parklanma nöqtələri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansına keçdikdən sonra həmin yerlərdə xidmət dövlət qurumu tərəfindən həyata keçirilir. Lakin bəzən sakinlər parklanma yerlərinin qiymətindən narazıdır qalır. Bunun fonunda bəzi küçələrdə yenə də qanunsuz parklanma ilə məşğul olan insanları görmək olar.

Bəs parklanma xidmətində qiymətlərin tənzimlənməsi necə həyata keçirilir? Qanunsuz parklanma nə ilə bağlıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov bildirdi ki, əvvəllər Bakı şəhərində çoxlu sayda parklanma yerləri var idi.

"Onların da sahibi demək olar ki, yox idi. İstənilən adam orada müvəqqəti dayanırdı və xidmət göstərirdi. Bunlara ümumi formada müəyyən qədər güzəşt edirdilər. İndi isə konkret olaraq bu məsələlər qanun ilə tənzimlənir. Çünki şəhərdə olan parklanma yerləri AYNA-nın ixtiyarına verilib. İndi bu barədə bütün məsələləri bu qurum həyata keçirir. 

Burada isə qiymətlər çoxdur. Parklanma yerlərində xidmətin növ və keyfiyyəti artdıqca qiymətlərin də artımı mümkündür. Amma elə yerlər var ki, sadəcə orada göstəriş naminə dayanır və heç bir xidmət göstərmirlər. Belə olduğu halda insanlar narazı qalır. Çünki qiymət xidmətdən yararlanmaq üçündür. Bu səbəbdən AYNA-nın təklif etdiyi qiymətlərə yenidən baxılmalıdır".

Ekspert qeyri-qanuni parklanmalar ilə bağlı qeyd etdi ki, həmin insanların bir növ vərdişləri qalıb:

“Ən çox da bazar günləri fəaliyyətə keçirlər. Çünki bu günlər parklanma ödənişsiz olur. Yəqin ki, bu kimi hallar da nizamlanacaq. Əgər parklanmaq bir qurum tərəfindən yerinə yetirilirsə, nəzarəti də onlar həyata keçirməlidir”. 

Yusif SƏMƏDZADƏ