"Tələbat ödənilmirsə, sürücülər məcburiyyətdən qaydanı pozurlar” - Ekspert

 14:46 13.06.2024     728

Azərbaycanda "Yol hərəkəti haqqında" qanunun pozulmasına görə cərimələr artırılacaq. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. 

Qeyd edək ki, yol hərəkəti qaydalarına görə cərimələrin artırlması hər dəfə sürücülərin narazılıqlarına səbəb olur. Çoxları hesab edir ki, tətbiq olunan cərimələr minimum əməkhaqqı ilə uzlaşmır.

Bəs bu cərimələrin yüksək məbləğdə olması nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov bildirdi ki, cərimələrin artırılması tendensiyası davam edir. Onun sözlərinə görə, əvvəllər bu cərimələrin məbləği aşağı idi:

“Buna görə də sürücülər tərəfindən nizam-intizam tez-tez pozulurdu. Qayda-qanunun təşkili üçün bir neçə üsul var ki, biri də cərimələrin artırılmasıdır. Bu praktika həm dünya ölkələrində, həm də bizdə var. Lakin qiymətlərin qaldırılmasından sonra sürücülər qaydalara əməl edəcəkmi, yoxsa yenə bu tendensiya davam edəcəkmi? Bunu öyrənmək üçün şərait yaradılmalıdır. Yəni, yol hərəkəti üçün lazımi şərait yaradılarsa, insanların tələbatı ödənilərsə, həmin qayda-qanuna inzibati formada yanaşmamaq da olar. Amma tələbat ödənilmirsə, sürücülər məcburiyyətdən qaydanı pozurlar”. 

Ekspert əlavə edir ki, cərimə məbləğlərinin artım tendensiyası davam edir:

“Lakin bu artım əsaslandırılaraq aparılarsa, daha yaxşı olar. Artım prosesi kortəbii olaraq davam edə bilməz. Hazırda bəzi qiymətlər aşağı salınıb. Məsələn, texniki baxışa görə cərimə də bura daxildir. Çünki texniki baxış məsələsini radar sistemi müəyyən etdiyinə görə, sürücülər bu cəriməyə tez-tez düşürlər”.

Yusif SƏMƏDZADƏ