Baş nazir meliorasiya ilə bağlı qərar İMZALADI
Nazirlər Kabineti “Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması Qaydası”nı təsdiq edib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bu qayda “Meliorasiya və irriqasiya haqqında” qanuna uyğun hazırlanıb, meliorasiya və irriqasiya sistemlərinin kadastrının formalaşdırılması və aparılması qaydasını müəyyən edir.
Meliorasiya və irriqasiya sistemlərinin kadastrının formalaşdırılması, aparılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti və qanunla müəyyən olunan digər mənbələr hesabına maliyyələşdirilir.
Bundan sonra Meliorasiya və irriqasiya sistemlərinin kadastrına aşağıdakı məlumatlar daxil ediləcək:
- meliorasiya və irriqasiya sistemlərinin mülkiyyətçisi (balanssaxlayıcısı) olan hüquqi şəxsin (idarənin, təşkilatın) adı, hüquqi ünvanı və fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi;
-meliorasiya və irriqasiya sistemlərinin təyinatından və istifadə rejimindən asılı olaraq adı və növü;
- meliorasiya və irriqasiya sistemlərinin texniki göstəriciləri;
- meliorasiya və irriqasiya sistemlərinin üzərindəki qurğuların adı və növü;
- meliorasiya və irriqasiya sistemlərinin yerləşdiyi ərazi vahidinin adı, xidmət etdiyi ərazi və onların iqtisadi qiymətləndirilməsini əhatə edən digər məlumatlar;
- meliorasiya və irriqasiya sistemlərinin texniki vəziyyəti və balans dəyəri;
- meliorasiya və irriqasiya sistemlərinin aşınma dəyəri;
- meliorasiya və irriqasiya sistemləri kadastrının məlumat bazasında toplanmış informasiyaya uyğun olaraq rəqəmsal xəritələr, planlar və sxemlər.