"Qohum nikahının qadağasının Gürcüstan azərbaycanlılarına aid olmaması üçün variant tapmaq lazımdır" - Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qohum evliliyinə qadağa məsələsində Gürcüstan azərbaycanlıları üçün müəyyən variantların tapılmasını təklif edib.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat qeyd edib ki, digər ölkə vətəndaşlarına tətbiq edilən qaydaları Gürcüstanda yaşayan azərbaycanlılara tətbiq etmək düzgün deyil.
“Çox sayda Gürcüstanda yaşayan azərbaycanlı həmvətənlərimiz müraciət edib. Bizim qəbul etdiyimiz maddə avtomatik olaraq onlara da tətbiq edilir. Bir qohumu Azərbaycanda yaşayır, vaxtilə köçüb, gəlib. Digər qohum isə orda yaşayır. Xalanəvəsi, bibinəvəsi, uzaq qohumdur, gəlir, evlənmək istəyir. Elə olur ki, pakistanlıya tətbiq etdiyimiz maddəni Gürcüstanda yaşayan azərbaycanlılara da tətbiq etmiş oluruq. Onlar başqa ölkə vətəndaşı olsa da, azərbaycanlıdırlar. Mən hesab edirəm ki, gələcəkdə, heç olmasa Gürcüstan azərbaycanlıları üçün elə bir variant tapmalıyıq ki, onların evlənməsində, ailə qurmasında problem yaşanmasın”, - deputat bildirib.