Deputat Ağalar Vəliyev 1280 ailəyə bayram sovqatı göndərdi - FOTO

 18:03 14.06.2024     418

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev seçicilərinə, ağsaqqallara, şəhid və qazi ailələrinə birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı  münasibətilə təbrik ünvanlayıb.

Redaktor.az-ın məlumatına görə, təbrikdə deyilir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin sayəsində vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənələrə uyğun təmin edilməsi, milli dəyərlərimizin təbliği və təşviqi cəmiyyətimizin əsas prioritetlərindəndir. 

Xalqımız Qurban bayramını Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə  Vətən müharibəsində və ondan sonrakı dövrdə qazanılan Şanlı Zəfərimizin sayəsində doğma Azərbaycanımızın suverenliyinin bütün ərazilərimizdə təmin olunmasının və Böyük Qayıdışımızın doğurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir.

Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən mübarək Qurban bayramı günlərində Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, ölkəmizin firavanlığı və xalqımızın rifahı naminə dualar oxunur.

Milli Məclisin üzvü Qurban bayramı münasibəti ilə seçicilərinə səmimi təbriklərini və xoş arzularını yetirərək vurgulayıb ki, dualaramızın və niyyətlərimizin Uca Tanrının dərgahında qəbul olunması cəmiyyətimizin xeyirxahlıq, şəfqət, mərhəmət ənənələrini və həmrəyliyini daha da möhkəmləndirəcək.

Qurban bayramı mərasimlərində Azərbaycanın müstəqilliyi və əzəli torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid  qazilərimizə  şəfalar dilənir.

Deputatın ofisindən daxil olan məlumata əsasən milli, mənəvi və dini dəyərlərimizə hörmət əlaməti olaraq Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Goranboy rayonundan Vətən Müharibəsi Qəhrəmanının anası Nərgiz Həsənova, şəhid anası Zərqələm Kazımova, şəhid atası Əfqan Nəsibov, Tərtər rayonundan şəhid anası Güldanə Məmmədova və Ağdam rayonundan Birinci Qarabağ müharibəsinin əlilinin övladı Sənani Bayramov Həcc ziyarətinə göndərilib.

Eyni zamanda millət vəkili tərəfindən Qurban bayramı münasibətilə Seçki Dairəsi üzrə Goranboy, Ağdam və Tərtər rayonlarının 30-dan çox yaşayış məntəqəsindən 1 030 şəhid, qazi, əlil və aztəminatlı ailəsinə, eləcə də Goranboy, Tərtər, Ucar, Yevlax və Bərdə rayonlarından 250 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları və qurbanlıq ət payları çatdırılıb.

Ağsaqqallar, şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər.

222222