DİN Sumqayıtda vətəndaşın ölüm faktına aydınlıq gətirdi

 20:31 17.06.2024     289

Bəzi sosial media səhifələrində iyunun 14-də gecə saatlarında Sumqayıtda şəhər sakini 37 yaşlı Elvin İsgəndərovun polis bölməsində xəsarətlərdən ölməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt şəhərində kafelərin birində sərxoş vəziyyətdə bir neçə şəxs arasında münaqişə olması ilə bağlı daxil olan məlumat üzrə saat 23:30 radələrində polis əməkdaşları həmin ünvana yaxınlaşıblar.

Tərəflər arasında yaranan gərginlik aradan qaldırıldıqdan sonra onlar bölməyə dəvət ediliblər. Onlardan E.İsgəndərov bölmənin qarşısında, dayandığı yerdə qəfil müvazinətini itirərək yerə yıxılıb. Hadisə bir neçə nəfərin, qohumlarının, dostlarının, qardaşların yanında və müşahidə kamerasının altında baş verib. Təcili tibbi yardım dəvət olunmasına baxmayaraq, E.İsgəndərov vəfat edib. Həkim rəyinə əsasən onun ölümünə səbəb qaraciyər serrozu və ürək tutması olub.

Qeyd olunanları nəzərə alaraq vətəndaşın ölümündə hər hansı kənar müdaxilə olması iddiaları əsassızdır.

Hazırda ölüm faktı aidiyyəti üzrə araşdırılır, kamera görüntüləri də araşdırmaya təqdim edilib. (APA)