Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi

 11:09 21.06.2024     237

"İnsan hüquqları aylığı” ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin, Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin (ARVK) üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə andiçmə mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, mərasimdə Kollegiya sədri Anar Bağırov çıxış edərək Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da yüksələn nüfuzundan danışıb.

"Son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verilir. Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sistemi vasitəsilə 47 Vəkil Bürosunda və fərdi qaydada fəaliyyət göstərən 20 vəkil tərəfindən indiyədək ümumilikdə 1300-ə yaxın müqavilə imzalanıb. 13 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 5488 namizəddən 1627 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran ümumilikdə 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar",- deyə A.Bağırov bildirib.

O, əlavə edib ki, namizədlər sırasında əvvəllər hakim işləmiş 6, vəkillik fəaliyyəti ilə məşğul olmuş 6 nəfər qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıb. O cümlədən, 3 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edir. Beləliklə, vəkillərin sayı 2502 nəfərə çatıb. Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 32 nəfəri kişi, 19 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 503 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil edir.

Ombudsman Səbinə Əliyeva da vəkillik institutunun insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, nəzərə çatdırıb ki, Azərbaycanda müstəqil vəkillik institutunun yaradılması və inkişaf etdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Daha sonra Rəyasət Heyətinin qərarına əsasən, Kollegiya ilə Ombudsman təsisatının birgə əməkdaşlığına verdiyi xüsusi töhfəyə görə Səbinə Əliyeva “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Həmçinin mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən, icbari təlimi başa vuran və şifahi müsahibədə uğur qazanan namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.

Daha sonra mərasimdə vəkilliyə namizədlər çıxış edib, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını bildiriblər.

Tədbirin ikinci hissəsində fəaliyyətləri dövrlərində fərqlənən və yubileylərini qeyd edən Kollegiyanın bir sıra üzvləri, həmçinin “İnsan hüquqları aylığı” ilə bağlı olaraq və ARVK ilə informasiya təminatında sıx əməkdaşlıq da nəzərə alınmaqla bir qrup jurnalist təltif olunub.