Biçənəklərin yandırılması iqlimin istiləşməsinə yol açır, torpağın humus təbəqəsi məhv edilir - VİDEO
Hazırda ölkə ərazisində biçin mövsümüdür. Bəzi fermerlər taxıl biçinini yekunlaşdırdıqdan sonra əkin sahəsinə od vuraraq yandırırlar. Əslində isə bu əməl qanunla qadağan olunur və cərimə tətbiq edilir.
Belə bir hadisə bu günlərdə Cəlilabad rayonunun Göytəpə (keçmiş adı Prişip) ərazisində qeydə alınıb. Nəticədə yanğının arealı böyüyərək ətrafdakı yaşıllıq və ağaclara ziyan dəyib.
Bəs görəsən, biçilmiştaxıl sahəsinin yandırılması qadağan olunsa da, nəyə görə hələ də bu cür hərəkətlərə yol verilir? Bu kimi hallar iqlim dəyişikliklərinə necə təsir edir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ekoloq Rövşən Abbasov bildirdi ki, qanun ilə qadağa edilməsinə baxmayaraq açıq sahələrin yandırılması halları yenə davam etməkdədir:
“Əlbəttə ki, bu ilk növbədə bizim fermerlərin ucbatından yaranan məsuliyyətsizlik halıdır. Mən vətəndaşlarımızı ayıq olmağa çağırıram. Bilirik ki, yanğınlar zamanı çox ciddi fəsadlar yaşana bilər. Həm torpaq, həm də ətraf mühitə çox böyük təhlükə yaranır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qiymətləndirmələrinə görə, bu cür yanğınlar zamanı ətraf mühitə kütləvi miqdarda karbon emissiyaları və digər zəhərli tullantılar daxil olur ki, bu da insan həyatı üçün özünəməxsus təhlükə törədir. Eyni zamanda, sözügedən amil iqlimin istiləşməsinə yol açır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə qeyd etdi ki, dünyanın bir çox ölkələrində havaların qızması ilə əlaqədar kütləvi halda meşə yanğınları baş verir:
“Təbii ki, yanğınlar baş verən ərazilərdə yaşıllıq sahə məhv olur və ətraf-mühitə ziyan dəyir. Həmçinin yanğınların qarşısının alınması üçün dövlət tərəfindən külli miqdarda vəsait xərclənir. Görülən bu tədbirlərə baxmayaraq yanğın özü bir fors-major hadisə sayılır. Buna görə də indidən bir sıra profilaktik və preventiv tədbirlər görülməlidir ki, bu kimi hadisələr baş verdiyi təqdirdə daha çevik yanaşma tətbiq edilsin.
Aparılan təhlillər onu göstərir ki, xüsusən ötən illər ərzində baş verən yanğın hadisələrinin böyük əksəriyyəti antropogen amillər nəticəsində baş verir. Xüsusən də, biçənək yerlərində yanğın hadisəsi qəsdən törədilir. Halbuki təhlillər göstərir ki, bu addım ilə torpağın humus təbəqəsi məhv edilir. Buna baxmayaraq vətəndaşlar bu kimi hallara yol verirlər. Nəticədə yanğının arealı böyüyür və meşə ərazilər də zərər görür. Əvvəlki illərdə bu cür hallara yol verən şəxslər hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilib. Eləcə də, vətəndaşlar həmin ərazilərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməli və yanğına səbəb ola biləcək fəaliyyətdən uzaq olmalıdır”.
Xidmət rəisi açıqlamasında Cəlilabad rayonunda baş verən hadisəyə də toxundu.
“Cəlilabad rayonunda əkin sahəsinin yanması və nəticədə ağaclara ziyan dəyməsi ilə bağlı bildirmək istərdim ki, bu, qanunvericilik ilə qadağandır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində xüsusi maddə də var. Hətta bu əməli törədən vəzifəli və ya hüquqi şəxslər üçün 6 min manatadək cərimə nəzərdə tutulub. Lakin yanğının əhatə dairəsi genişlənərək ağaclara da zərər veribsə, bu halda ağaca görə zərər hesablanır. Dəyən ziyan min manatı aşdığı təqdirdə artıq burada cinayət tərkibi yaranır. Nəticədə əmələ hüquqi qiymət verilməsi üçün sənədlər hüquq-mühafizə orqanlarına göndərilir”, - deyə Hikmət Əlizadə qeyd etdi.
Yusif SƏMƏDZADƏ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.