Deputat hökuməti kəndlilərə dəstək verməyə ÇAĞIRDI

 12:10 28.06.2024     359

“Ötən günlərdə, Azərbaycan ərazisində baş verən təbii fəlakət hadisələri yollara, körpülərə, yaşayış məntəqələrinə, təsərrüfatlara ciddi zərər vurub və bu proses hələ də davam etməkdədir. Xüsusən, Quba Xaçmaz və Şəki-Zaqatala bölgəsinin əhalisi təbii fəlakətin gətirdiyi çətinliklərdən xeyli əziyyət çəkib. Bir çox evlər, əkin və heyvandarlıq sahələri ziyan gördüyündən, bütün bunlar təbii ki, əhalinin güzəranına öz mənfi təsirini göstərib. Hesab edirəm ki, bu hadisələr zamanı bir çox dövlət qurumlarının üzərinə böyük yük düşür. Bu problemin həlli üçün ilk növbədə, Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən zərər dəymiş ərazilərə baxış keçirilib, dəyən ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər planı tərtib olunub”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında deputat Vahid Əhmədov bildirib.

“Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dağılmış yollar və körpülərin bərpası istiqamətində bir sıra operativ tədbirlər görülməsinə baxmayaraq, bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi kəsildiyindən, o yolların da qısa müddətdə bərpasına ehtiyac var. Bu tip hadisələr zamanı sığorta xidmətlərinin önəmi bir daha ön plana çıxır. Dövlət dəstəyi ilə fəaliyyət göstərən Aqrar Sığorta Fondu tərəfindən fermerlərə xeyli güzəştlər tətbiq olunmasına baxmayaraq, təsərrüfatlarını sığorta etdirməyən kəndlilərin sayı hələ də çoxluq təşkil edir. Bunun nəticəsində, istehsal xərclərini belə qarşılaya bilməyən kəndlilərin bir çoxu təsərrüfatlarını bağlamaq məcburiyyətində qalır və nəticədə məhsuldarlıq aşağı düşür,  qısamüddətli də olsa, kənd təsərrüfatı məhsullarının qiymətlərində artım  yaranır. Bununla yanaşı, təsərrüfatlarını sığorta etdirməyən fermerlərə banklar ehtiyatla yanaşdığından, onlar maliyyə əlçatanlığının azalması problemi ilə üzləşirlər. Bu kimi halların aradan qaldırılması üçün Kənd Təsərrüfatı Nazirliyi fermerlər arasında maarifləndirmə işlərini gücləndirməlidir. Hesab edirəm ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bir çox dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən işlər görülsə də, vətəndaşların şikayəti hələ də davam etməkdədir. Dəyən ziyanın tam olaraq aradan qaldırılması və əhalinin bu prosesdən minümum zərərlə çıxması üçün Nazirlər Kabineti xüsusi qərar çıxarmalı, tədbirlər planı hazırlanmalı və təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara maddi yardım olunmalıdır”, – deyə o bildirib.