Azərbaycanda su ilə bağlı təbii fəlakətlər artıb... - Ekoloqlar həyəcan təbili ÇALDI
Son günlər ölkədə intensiv yağan yağışlar bir sıra caylarda selə və daşqına səbəb olub. Nəticədə həm təbiətə, eyni zamanda bir çox fermer təsərrüfatlarına ciddi ziyan dəyib.
Bu təbii fəlakətlərlə bağlı Redaktor.az-a danışan ekoloq Fikrət Cəfərov leysan yağışlarını birbaşa iqlim dəyişikliyi ilə əlaqələndirdi:
“Təxminən 5-6 il əvvəl bu barədə proqnoz verərkən demişdim ki, iqlim dəyişikliiyinin Azərbaycana iki böyük təsiri olacaq: leysan yağışlar və yüksək temperaturlu istilər. Bu ilki fəlakət həddindən artıq ziyan verdi. 4-5 il bundan öncə bir çox yerdə taxıl demək olar ki, yandı, sünbülü boş çıxdı. Azərbyacandakı çayların 90 faizi dağ çaylarıdır ki, bunların da axın sürəti yüksəkdir və bol su olduqda aydındır ki, bu cür hadisələr ilə qarşılaşa bilərikbilərik".
Daha sonra təbii fəlakətin həlli barədə də bəhs edən F.Cəfərov qeyd etdi ki, bunun qarşısını almaq çətin məsələdir.
"Belə hallara hazır olmaq lazımdır. İlk növbədə müasir xəbərdarlıq sistemləri təşkil edilməlidir. Milli Hidrometerologiya Departamentinin proqnozları 99 faiz düzgündür. Deməli, bu proqnozlara əsaslanaraq birbaşa məlumat verilməlidir ki, hansı ərazilərdə hava durumu nə cür olacaq? Biz görürük ki, Yunanıstanda birbaşa hökumət əhali və turistlərə müraciət edərək havanın zərərli təsirindən yayınmağa çağırır və istirahət üçün əlverişli yerlərin siyahısını verir. Hələ ki, Azərbaycanda bu cür sistem yoxdur. Amma bunun da təşkil edilməsi lazımdır. Yağıntının miqdarı leysan xarakterli olarsa, yüksək sürətli axınlar birbaşa aşağıya yönəlir. Belə baxanda kənd təsərrüfatı obyektlərində düzgün şəkikldə sığorta olduqda fermerlər o qədər də böyük ziyana uğramaz. Ancaq bu sığorta məsələsini lazımi səviyyədə təşkil etmək lazımdır",- deyə ekspert vurğuladı.
Ekologioya məsələləri üzrə ekspert Rövşən Abbasov isə bildirdi ki, təbiət hadisələrinə hazırlıqsız olmaq tez-tez fəlakətə çevrilir:
“Dolu, leysan, sel, daşqın kimi təbii fəlakətlər həmişə kənd təsərrüfatı obyektlərinə zərər verə bilər. Bu cür hadisələrdən qorunmağın yolları da mövcuddur: əgər salınan bağlar intensivdirsə, torla mühafizə təşkil edilməlidir. Yox, əgər bu mümkün deyilsə, ərazidə dolu dağıdan sistemlərdən istifadə edilməlidir. Bu sistemlərdən istifadə etmək mümkün deyilsə, ən azı hər bir təsərrüfat sahibi sahələri sığortalamalıdır. Bu sistem ideal vəziyyətdə olmasa da, getdikcə inkişaf edir.
Onu da qeyd etmək lazımdır ki, bu il bol sulu bir ildir. Leysan yağışları da ötən illər ilə müqayisədə daha çox təkrarlanır. Eyni zamanda dolu düşmə ehtimalı da bir o qədər çoxdur. Ümumiyyətlə, əgər biz bu ili ötən illər ilə müqayisə etsək, 2024-cü ildə su ilə bağlı olan təbii təhlükələrin artdığını müşahidə edə bilərik”.
Yusif SƏMƏDZADƏ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.