30 İyun Sevgililər Günüdür!

 12:02 30.06.2024     536

Azərbaycan həyatında baş verən əlamətdar hadisələr onun milli bayramını, adət və ənələrini, milli dəyərlərini, milli qürurunu yaşadan bir gün olaraq tarixiləşir. Dövlət müstəqilliyini əldə etdikdən sonra bu tarixi günlər qeyd olunur və insanlara həmin tarixlə bağlı yüksək dəyərlər aşılanır. Yaşadığımız son illərin reallıqları bu günlərin sırasına daha bir günü də əlavə edib. Bu, 30 İyun Sevgililər Günüdür. 2003-cü ildən etibarən bu gün ölkəmizdə qeyd olunur. Bu günün tarixi 1990-cı il yanvarın 20-də şəhid olan İlham və onun yoxluğuna dözə bilməyib intihar edən Fərizənin toy günü ilə bağlı olan amildir. İlhamın yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy gününün tarixçəsidir. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü- 30 iyun tarixi Azərbaycanda Sevgililər Günü kimi keçirilir.

Sevgililər Günü milli dəyərləri inkişaf etdirmək, qəhrəmanlıq tariximiz, sevgi kimi müqəddəs bir hissi özündə ehtiva edir. Məlumdur ki, uzun illər 14 fevral tarixi "Sevgililər Günü" kimi qeyd olunurdu. Sevgilər Gününün başlanğıc tarixi qədim Roma İmperiyasının dövrünə təsadüf edir. Miladdan sonra ilk əsrlərdən bəri hər il fevral ayının 14-də qeyd olunan Sevgililər Gününün başlanğıcı ilə əlaqədar olaraq o gündən günümüzə qədər gəlmiş müxtəlif əfsanə və hekayələr var. Amma bu hekayələri üstələyən xalqın həqiqəti bayramı sevgililər gününün tarixində dəyişiklik yaratdı. Təkcə tarixində yox, məzmununda, ideyasındakı fərqlilik başqa məcra aldı. 20 yanvar faciəsinin qurbanı olmuş İlham və Fərizənin toy gününü 30 iyun tarixi Azərbaycanda Sevgilər Günü kimi qeyd olunması ideyası birmənalı qarşılandı. Artıq illərdir ki, bayram böyük sevgi ilə xüsusilə də gənclər tərəfindən qeyd olunur. Bunun əhəmiyyəti onunla bağlıdır ki, yetişən nəsil öz tarixi ilə bağlı həqiqətləri hər zaman xatırlaya biləcək, bu günün tarixini araşdıran kəslərə Azərbaycanda baş vərən hadisələr, İlham və Fərizənin fədakarlığı, Azərbaycan qadınının dəyanəti tam şəkildə aydın olacaq. İki gəncin ölümünə səbəb olan amil - rus imperiyasının Azərbaycan xalqına qarşı yürütdüyü qanlı siyasət neçə-neçə insanı taleyini alt-üst etdiyi kimi, azadlıq eşqi ilə yaşayan ilhamların, fərizələrin də həyatına son nöqtəni həkk etdi.

Bu tarix Azərbaycan xalqına, xüsusilə, gənclərə, tələbələrə daha da sirayət edir. 30 iyun təkcə iki gəncin bir-birini sevdiyi, həmçinin iki gəncin şəhid taleyi də deyil. 30 iyun bir millətin yaşadığı tarixdir. Yəni 20 yanvar hadisələri baş verməsəydi, 30 iyun bayram gününə çevrilməzdi. Bu, böyük sevgilərin, mübariz insanların düşüncəsini, məqsədini gerçəkləşdirən tarixdir. Bu hisslər, ali dəyərlər, mübarizələr Azərbaycanı müstəqilliyə qovuşdurdu. Bu tarixi gün özündə çox məqamları birləşdirir.

İlhamla Fərizə nümunəsi bir məktəb yaratdı. Ən böyük əxlaqi, milli dəyərlər bu günün altında özünü göstərir. Bu tarixi gün çox şeylər üzərində qalibiyyətdir. Neçə-neçə Valentinlər Azərbaycanın İlham və Fərizəsi ilə müqayisə oluna bilməz. Azərbaycana xarici təcavüz olanda gecə yatmayaraq düşmənin qarşısına əliyalın çıxan igid bir oğulun vətəpərvərliyidir bu. İlhamın sevgisi uğrunda heç nəyi göz önünə almayan "mən sənsiz yaşaya bilməyəcəm. İlham, mən sənin arxanca mütləq gələcəm", - deyən Fərizənin ismətidir, mərdliyidir, dəyanətidir, vəfasıdır, 20 yaşlı qızın cəsarətidir. İlhamla Fərizə Azərbaycan xalqının tarixində elə hadisədir ki, o, dünya xalqlarının heç birinin tarixində yoxdur.

1989-cu il iyun ayının 11-də Fərizənin, iyunun 30-da isə İlhamın toyu olub. Beləcə, bir-birinə qovuşan gənclər 6 ay birgə xoşbəxt tale yaşayıblar. Necə deyərlər, düşmənin siması Bakıda görünənə qədər. 1990-cı il 19-undan 20 yanvara keçən gecə baş verən hadisədə düşmənin hücumu qarşısına çıxan ər oğullar içərisində İlham da var idi və şəhid olanların içərisində onun da adı oldu. Narahat yaşayan Fərizə son saatlarını yaşayır. Fərizə elə bil başqa dünyada idi. Heç kimi gözü görmürdü. İlhamın "Şəhidlər Xiyabanı"nda basdıracağını eşidən kimi, qərarını qətiləşdirir. İlham Xırdalandakı məzardan çıxarılan gün, səhət saat 5-6 radələrində qatı sirkə turşusu içib özünü öldürür. İlhamla bir məzarda dəfn olunmaq, onu yalnız qoymamaq istəyi idi bu. Ona görə də, 30 iyun həm də sədaqət günüdür!

Budur, sevgi şəhidlər xiyabanınında tariximizin ən möhtəşəm abidəsini yaratdı. Artıq tariximizin ən şanlı və möhtəşəm məkanıdır bura. Əbədi yuva salıblar bu məkanda. Zirvədə, ucalıqda yaşayırlar. Hər kəsin ziyarət məkanına çevrilən yerdə hər zaman İlham və Fərizə hekayəti danışılır. Tanrı ömrünü əsrlərə həkk edən bir ömrə sahib oldular. İndi ailə quran gənclər onların məzarını ziyarət edir, xeyir-dua alır, əhd-peyman bağlayırlar.

Belə insanların timsalında cəmiyyətə vətəndaşlar yetişdirilir. Düşmən gülləsinə sinəsini gərən, ismətini hər şeydən uca tutub sevgisi üçün fədakarlıq göstərən və düşmənin kin və hiyləsinə açıq etirazını bildirən bu gənclər örnək olaraq məhəbbətlə xatırlanır. Elə Sevgililər Gününü də onların ruhuna ehtiram olaraq qeyd edirlər.

Qeyd edək ki, tanınmış müğənni Tacir Şahmalıoğlu 30 iyun Sevgililər Günü ilə bağlı mahnı ifa edib. “İlahi sevgi” adlanan mahnının sözləri yazıçı-publisist Seymur Şeydayevə, musiqisi isə Səyyad Allahverdiyevə məxsusdur.