Prezident Filippin səfirini qəbul etdi - FOTO - YENİLƏNİB

 17:39 01.07.2024     1590

Prezident İlham Əliyev iyulun 1-də Filippin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini qəbul edib.

Redaktor.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlət başçısı səfirlə söhbət etdi.

Henri Jr. Bensurto Filippin Prezidenti Ferdinand Romualdez Markosun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını qeyd edərək beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin turizm, investisiyalar sahələrində əməkdaşlığa və insanlar arasında təmaslara toxundu, hökumət nümayəndə heyətlərinin səfərlərinin önəmini vurğuladı.

Səfir Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin çox uğurlu olduğunu, bu məsələdə böyük bir irs qoyduğunu və Azərbaycanın bu Hərəkatın təsisatlanması istiqamətində ciddi addımlar atdığını qeyd etdi.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Henri Jr. Bensurto Filippinin də bu tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını dedi.

Prezident İlham Əliyev Azərbaycanın həm Qoşulmama Hərəkatına, həm də COP29-a sədrliyi ilə bağlı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirdi.

Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsinə üzv ölkə kimi Filippinin göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.

Dövlət başçısı COP29 çərçivəsində Azərbaycanın Qlobal Cənubun tərkib hissəsi olaraq ölkələr arasında həmrəyliyin gücləndirilməsinə və körpülərin qurulmasına çalışacağını vurğuladı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini qəbul edib.

"Redaktor.az" xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

2222