"Hökumət bahalaşma ilə gəlirləri artırmağa hədəflənmiş siyasət seçib" - Ekspertdən AÇIQLAMA

 17:22 01.07.2024     731

Xəbər verdiyimiz kimi Tarif Şurasının növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. 

Maraqlıdır, yanacağın bahalaşması başqa hansı sahələrdə də qiymətin artmasına səbəb olacaq?

Mövzü ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov qeyd etdi ki, yanacağın və avtobus qiymətlərinin qalxması ilə bağlı qəbul edilən qərarların faktiki əsaslandırılmasını realist hesab etmir.

"Mövcud şərtlər daxilində faktiki nəticələrin əldə edilməsinə hədəflənmiş addımların atılması nəzərdə tutulursa, o zaman burada toplanmış əlavə vəsaitlər də hansısa fondda cəmləşdirilə bilər. Bu fondda cəmlənən vəsait hesabına həm ekoloji problerin həllinə, həm də hibrid, elektro mühərrikli avtomobillərin idxalına, faizlərinin subsidiyalaşdırılmasına, dövlət zəmanətinin verilməsinə və s. istiqamətlərdə layihələrin həyata keçirilməsinə yönəldilə, həmçinin  infrastrukturun ölkədə bu istiqamətdə inkişafına sərf oluna bilər. Amma görünən ondan ibarətdir ki, sadəcə qiymətlər artıb, digər istiqamətlərdə hər hansı təşəbbüslər yoxdur ", - R.Həsənov bildirdi. 

Ekspert artan qiymətlərin özəl sektorda da müşahidə ediləcəyini vurğuladı. 

"Yanacağın qiymət artımının ən çox təsir etdiyi sahə kimi nəqliyyat xidmətləri sahəsində qiymət artımı ilə nəticələndi. Hökumət bənzər qərarlar qəbul edirsə, böyük  ehtimalla yaxın dövrlərdə özəl sektorun da öz xidmətlərində - həm yükdaşıma, həm də sərnişindaşımada qiymət artımı yeni bağlı yeni-yeni qərarların qəbul edəcəyini müşahidə edəcəyik", - iqtisadçı söyləyib. 

Onun sözlərinə görə, qiymət artımı mal və xidmətlərin qiymətlərində də müşahidə ediləcək və bu da ümumi inflyasiyaya  təsir göstərəcək.

R.Həsənov yanacağın bahalaşmasının kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına təsir edəcəyini söylədi. 

"Builki aqrar mövsümdə qeyri-adekvat hava şəraiti nəticəsində məhsuldarlıq aşağı düşdü, qiymətlər faktiki olaraq bazarda yüksəkdir. Aqrar məhsullarının maya dəyərində 35%-45% arasında yanacaq xərcləri rol oynayır. Bu aspektdən yanaşsaq, məhz yanacağın qiymətinin qalxma səbəbindən kənd təsərrüfatı məhsullarında bahalaşma baş verəcək", - o bildirib.

İqtisadçı həmçinin onu da vurğulayıb ki, hökumət hər hansı xərcləri kompensasiya etmək məqsədilə qiymətləri artırmaqla gəlirləri artırmağa hədəfənmiş siyasətini seçib. 

"Maaşların artacağını düşünmürəm, bununla bağlı nə birinci büdcə layihəsində, nə də ikinci büdcə planlamasında nəzərdə tutulmayıb. Əməkhaqlarının burada artımı hədəf  deyil. Çox böyük ehtimalla hökumət hər hansı xərcləri kompensasiya etmək məqsədilə əlində olan resurslar bu şəkildə idarə etməklə, qiymətləri artırmaqla gəlirləri artırmağa hədəflənmiş siyasət seçib", - o deyib.

Ekspert əlavə etdi ki, qəbul edilən qərarları bir çox hallarda rasional əsaslandırmaq çətindir. 

"Faktiki odur ki, nəqliyyat qiymətləri elastik deyil, alternativi və əvəzedicisi yoxdur, insanlar məcburən bu xidmətlərdən istifadə edəcəklər. Qiymətlərin artması ilə xidmətlərdə tələbin azalması müşahidə olunmayacaq. Çünki bu zəruri istehlak növüdür. 

İnsanlar məcburən bundan sonrakı dövrdə ailə büdcəsinin daha çox hissəsini nəqliyyat xidmətləri qarşılığında xərcləyəcəklər. Həm yanacaq xərcləri, həm də nəqliyyat  xərclərinə görə, ailə büdcəsinin xərcləri ümumi xərclər strukturunda payı artacaq. Bu da digər istiqamətlərdə məcburi qənaətlərin edilməsi və digər istiqamətlərdə keyfiyyət azalması nəticələrinə gətirib çxarmaqla həyat şəraitinin çətinləşməsinə konyunktura formalaşdıracaq",- deyə R.Həsənov fikrini tamamladı.

 Aygün Mirakif