Qiymət artımı düzgün yanaşma deyil - Ərşad Hüseynov
Qiymət artımını (həm nəqliyyatda gediş haqqının, həm də yanacağın qiymətinin) düzgün olmayan yanaşma hesab edirəm.
Redaktor.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov mövzunu şərh edərkən bildirib.
"Qısaca qeyd etmək istəyirəm ki, ictimai nəqliyyatda gediş haqqının artırılması (25 %-lik artım) əhalinin ictimai nəqliyyata marağının artırılması işinə zidd bir addımdır. Bu, insanların nəqliyyat xərcini artırdığından fərdi avtomobillərdən istifadəyə meylləri tətikləyə bilər. Digər tərəfdən, ictimai nəqliyyatda xidmət keyyifiyyətində heç bir yaxşılaşma olmadığı (hətta bunun əksi müşahidə edildiyi) bir şəraitdə belə artımın iqtisadi və məntiqi əsası da yoxdur. Əvvəllər dəfələrlə qeyd etdiyim ki, ictimai nəqliyyatın iqtisadi problemləri heç bir halda gediş haqları hesabına həll edilə bilməz, bu, mümkün deyil. Bu problem yalnız səmərəli dövlət dəstəyi ilə (subsidiya və ya dotasiya yolu ilə) həll edilə bilər. İctimai nəqliyyatın bundan sonrakı inkişafı (şəbəkələşməsi, çeşidin artması, yəni yeni metro stansiyalarının tikintisi, avtobusların sayının və marşrut şəbəkəsinin artırılması, yenilənməsi və s.) də yalnız dövlət sərmayəsi hesabına uğurlu ola bilər.
Məlumat üçün: bu, 2018-ci ildən bəri gediş haqqının 3-cü artımıdır. Əvvəlki 2 artımda da xüsusi vurğulanırdı ki, artımların əsas hədəfi sahənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq, dayanıqlı inkişafı təmin etmək və s.-dir. Amma bunların heç biri müşahidə edilmir. Bu da yanaşmanın uğursuzluğu deməkdir", - o qeyd edib.
Aygün Mirakif